İlham Əliyev Hacıqabul-Sabirabad yolunun açılışında iştirak edib

İlham Əliyev Hacıqabul-Sabirabad yolunun açılışında iştirak edib
  30 Avqust 2013    Oxunub:1099
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib. Bildirilib ki, bu layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanıb. Saziş Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Borc sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun Kür çayı ilə kəsişməsində yeni körpünün tikintisi nəzərdə tutulub. Həmin layihə üzrə Nəqliyyat Nazirliyinin "Azəryolsevis" Açıq Səhmdar Cəmiyyətində beynəlxalq rəqabətli tender keçirilib və Türkiyənin "Kolin" şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon manat dəyərində podrat müqaviləsi imzalanıb. Tikintiyə texniki nəzarəti İtaliyanın "Engineering" firması həyata keçirir.

Qeyd edildi ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılıb. Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.

Diqqətə çatdırıldı ki, ümumilikdə müqavilə çərçivəsində yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Dövlət başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verilib. Bildirildi ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılıb, üç körpüdə işlər 60 faiz tamamlanıb, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanılıb. Bu hissə üzrə tikinti-quraşdırma işlərinin dəyəri 110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində işlərin 60 faizi yerinə yetirilib. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident eyni zamanda səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olub.

Daha sonra İlham Əliyev Heydər Əliyev Mərkəzinin və Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib.

AzVsion.az


Teqlər:  





Xəbər lenti