Ötən il ən çox valyuta gətirən məhsullar bəlli olub

Ötən il ən çox valyuta gətirən məhsullar bəlli olub
  17 Aprel 2017    Oxunub:1687
2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olmuşdur - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artmışdır. Meyvələr arasında ən böyük ixrac artımı almada olmuşdur - 144 faiz. Nar 125 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir. Qalan rəqəmlər də məndə var. İqtisadiyyat naziri onları səsləndirdi, təkrar etmək istəmirəm. Amma bunları xüsusilə qeyd etmək istəyirəm.
AzVision.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

"2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da qeyd etmək istəyirəm. Birinci yerdə fındıqdır – ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olmuşdur. Bu il 100 ton olacaqdır. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda, bu il badam bağlarının salınmasına başlanmışdır. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var.

Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.

Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik.

Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var. Bu gün müşavirənin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri sahibkarların suallarına cavab verəcəklər və bu məsələləri daha da geniş işıqlandıracaqlar".

“Azərbaycanda balıqçılığın çox böyük perspektivləri var” deyən İlham Əliyev bildirib ki, əfsuslar olsun ki, əvvəlki illərdə bu sahəyə də lazımi diqqət göstərilmirdi: "Bizim həm çaylarımızda, həm Xəzər dənizində bol balıq var. Biz balıqları artırırıq, yetişdiririk və Azərbaycanda çox böyük balıqçılıq sənayesi yaradıla bilər. Bununla həm daxili bazar tam təmin edilər, həm də bunun böyük ixrac potensialı ola bilər”, - deyə o vurğulayıb.

Dövlət başçısı bildirib ki, təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır, bizim qızıl yataqlarımız var: “Bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılıb. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir və göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin”.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın böyük bir sərvəti də var, ancaq ondan səmərəli şəkildə istifadə edilmir: “Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməyib. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsi yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülüb. Hətta dövlət qurumu da yaradılıb, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır - filizdən başlamış, son ixrac məhsuluna qədər. Bunun nəticəsində bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir”.

AzVision.az




Teqlər: İlhamƏliyev   Yevlax   müşavirə  





Xəbər lenti