`Milli Şura üzvləri Londona turist kimi gedəcəklər`

`Milli Şura üzvləri  Londona turist kimi gedəcəklər`
  29 Avqust 2013    Oxunub:980
“Milli Şuranın namizədi Cəmil Həsənliyə imzanı Böyük Britaniyada yox, Azərbaycanda toplayırlar. Əgər prezidentliyə namizədliyini irəli sürübsə və namizədliyi təsdiqlənəcəksə, o da digər namizədlər kimi Azərbaycanda lazımı proseduru həyata keçirməlidir: imza toplamalı, sənədlərini təqdim etməli və sair işləri görməlidir”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şura rəhbərliyinin prezidentliyə namizədliyini irəli sürdükləri Cəmil Həsənli ilə birlikdə Londona dəvət olunmasına münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, Milli Şura rəhbərliyinin namizədləri ilə birlikdə Londona hansısa institut tərəfindən, bəlkə də ekspert səviyyəsində dəvət olunmasının siyasətə heç bir aidiyyəti yoxdur: “Bundan qabaq Eldar Namazov da deyirdi ki, onu ABŞ-a dəvət ediblər, orada çoxsaylı görüşlər keçirəcək. Axırda bəlli oldu ki, gedib heç konqresmenin köməkçisinin referenti ilə də görüş keçirməyib. Keçirsə belə bunun məsələyə heç bir aidiyyəti yoxdur. Bunların indi tez-tez hansısa ölkədə - gah Tiflisdə, gah Moskvada, gah Londonda görüş keçirmələrini bəyan etmələrinə baxmayaraq, nəticə göz qabağındadır.

Məsələn, Rüstəm İbrahimbəyov olayları artıq göz qabağındadır. O cümlədən indi gedib Londonda hansısa görüşün keçirilməsinin məsələyə qətiyyən aidiyyəti yoxdur. Azərbaycanda hakimiyyəti formalaşdıran xalqdır. Ona görə də xalqın yanına getmək lazımdır, Londona yox”.

YAP rəsmisi bildirib ki, Milli Şuradakılar seçki ərəfəsi vəziyyətdən istifadə edib turist səfərləri edirlər: “Gedəcəklər, gəzəcəklər, otellərdə qalacaqlar və s. Bunlar ancaq seçki ərəfəsindən istifadə edirlər”. (apa)


Teqlər:





Xəbər lenti