Dələduzluq edən keçmiş məhkum saxlanılıb

Dələduzluq edən keçmiş məhkum saxlanılıb
  14 Aprel 2017    Oxunub:1245
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rövşən Şükürovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya BMCMİ-nə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: DİN   məhkum  





Xəbər lenti