MPQ üzvləri Qobustan həbsxanasına baş çəkib
Müəssisənin bəzi rejim korpuslarının kameralarında və cərimə təcridxanasında qidalanma və saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər fərdi qaydada dinlənilib, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri üzrə sənədləşmə araşdırılıb.
Bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək qəbul edilib. Onlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.
AzVision.az