“Millət vəkillərinə çoxlu şikayət gəlir” - Spiker

“Millət vəkillərinə çoxlu şikayət gəlir” - Spiker
  07 Aprel 2017    Oxunub:1551
“Azərbaycanda qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə “Banklar haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.

Sədr bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır:

“Dövlət vəsaiti hesabına aparılmış satınalmalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur. Bu kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur”.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: “Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: MilliMəclis   OqtayƏsədov  





Xəbər lenti