Milli Məclisdə Rusiya ilə bağlı məsələ qaldırıldı - Yenilənib

  07 Aprel 2017    Oxunub : 1610
Milli Məclisdə Rusiya ilə bağlı məsələ qaldırıldı - Yenilənib
“Ümumrusiya Azərbaycan Konqresinin bağlanması bizim üçün yaxşı olmayan sitiuasiyadır”.

AzVision.azxəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rusiya icmasının sədri Mixail Zabelin Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanda rus icmaları olduqca rahat və fəal fəaliyyət göstərir:

“16000 tələbə burada rus dilində ali təhsil alır. Rusiyadakı Azərbaycan Konqresinin də fəaliyyəti daim fəal, qanunauyğun olub. Son həftə ərzində Dumanın deputatları ilə bu məsələ ilə bağlı sıx əlaqə saxlayıram. Bu məsələ bizi ciddi narahat edir. Əminəm ki, Ədliyyə Nazirliyinin məhkəməyə müraciətinin nəticəsidə həqiqət Azərbaycan xalqının tərəfində olacaq, azərbaycanlıların qələbəsi ilə bitəcək”.

Spiker Oqtay əsədov isə bildirib ki, rus icmasının sayı Cənubi Qafqazda ən çox Azərbaycandadır: “Cənab Zabelin, siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”.

Deputat M.Zabelin isə qeyd edib ki, onlar artıq müraciəti hazırlayıb göndəriblər və əmindir ki, bu nəzərə alınacaq.

***

“Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar hər kəsi narahat edir”.

AzVision.azxəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkili bildirib ki, hansısa qüvvələr iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə çalışır: “Azərbaycan Rusiya ilə dost ölkədir. Ölkəmizdə 300-dən artıq rus məktəbi fəaliyyət göstərir. Azərbaycanın Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətləri normaldır. Qeydiyyatın ləğv olunması ilə bağlı məsələ narahatedicidir. Araya girən qüvvələr başa düşməlidir ki, Azərbaycan Rusiya ilə münasibətləri artan xətt üzrə inkişaf edir”.

Deputat Zahid Oruc və deputat Elmira Axundova da məsələ ilə bağlı narahatlığını ifadə edib

Anar Kəlbiyev
AzVision.az

Teqlər: MilliMəclis   Rusiya   İclas   ÜAK