Müxalifətdə din qalmaqalı - Xədicə İsmayıl və Əli Kərimliyə sərt sözlər

Müxalifətdə din qalmaqalı - Xədicə İsmayıl və Əli Kərimliyə sərt sözlər
  07 Aprel 2017    Oxunub:16545
Milli Şura aprelin 8-də keçirəcəyi mitinqə dindarların qatılmasını istəmir. Dini kəsimin etirazına səbəb olan təklifin ideya müəllifi jurnalist Xədicə İsmayıldır. Onun göstərişi ilə Əli Kərimli dindarların mitinqə gəlməsinə qarşı çıxıb. Hansı ki, Nardaran hadisələri zamanı Əli Kərimli və digər radikallar din kartından istifadə etməklə özlərini inanclı kəsimin müdafiəçiləri kimi göstərirdilər.
Bu, bir daha sübut edir ki, başda Əli Kərimli olmaqla Milli Şura “rəhbərliyi” istənilən məsələdən öz maraqları naminə istifadə edir. Onları nə dindarlar, nə də sadə insanlar maraqlandırır.

Mitinq öncəsi narazlığa səbəb olan digər məsələ Əli Kərimlinin müxaliflərə “meydan” oxumasıdır. O, mətbuata verdiyi müsahibəsində deyib ki, müxalifətdə ondan başqa heç kim mitinq keçirə bilmir. Keçirə bilən varsa, sıravi vətəndaş kimi onların mitinqlərində iştirak edə bilər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şuranın dindarlara qarşı mövqeyi və Əli Kərimlinin müxalifətlə bağlı fikirlərinə münasibət bildirib.

Partiya sədri AzVision.az-a açıqlamasında bildirib ki, dindarlarla bağlı məsələ mitinq ideyasının haradan gəldiyini göstərir.

“Hesab edirəm ki, bu məsələnin arxasında mitinq ideyasının haradan əmələ gəldiyi və mahiyyətinin nə olduğu durur. Ola bilsin ki, mitinq təşkilatçıları öz işlərinə islami damğanın vurulmasından narahatdırlar. Çünki, Rusiyada və başqa yerlərdə islamçılar terrorlar törədib. Hazırda islam terrorundan çox danışılır. Görünür, bu baxımdan onlar islamçı qüvvələrlə yan-yana durmağı psixoloji olaraq qəbul edə bilmirlər. Amma, bir şeyi qəbul etmək lazımdır ki, biz özümüzə xaricilərin gözü ilə baxmamalıyıq. İslam sülh dinidir və terrorların onunla heç bir əlaqəsi yoxdur. Ona görə də Milli Şura tərəfindən islamçıların dışlanmasını yalnış hesab edirəm”.

X.İsmayılın islamçılara qarşı çıxmasına gəlincə, S.Cəlaloğlu bildirib: “Son zamanlar baş verən terrorlardan sonra islama qarşı yeni cəbhə açılıb. Milli Şura da bu cəbhənin hədəfinə gəlməmək üçün özlərini islamçı qüvvələrdən uzaq tutur. Xədicə İsmayıl isə proseslərə müdafiə etdiyi dairələrin gözü ilə baxır. Ona görə də islamçılara qarşı çıxır. Amma yanlış yanaşmadır”.

Milli Şuranın mitinqinə digər müxalif partiyaların qatılmamasına gəlincə, S.Cəlaloğlu deyib ki, bu, həmin qurumun ambisiyalarından irəli gəlir: “Bunlar özlərini elə aparırlar ki, guya mitinq keçirmək qəhrəmanlıqdır. Onlar hesab edirlər ki, bu “qəhrəmanlığı” edərkən divident gələcək. Bu səbəbdən mitinqi başqaları ilə bölüşmək istəmirlər.

Vaxtilə mən mitinq keçirəndə gedirdim onun qapısın döyürdüm, buna yalvarırdım. Bütün bunlar niyyətlə bağlıdır. Bu cür yanaşma göstərir ki, bu adamlar ictimai maraqları və demokratiyanı nəzərə almırlar”.

Əli Kərimlinin müxalifətdə ondan başqa heç kimin mitinq keçirməyə gücü çatmadığını bəyan etməsinə partiya sədri sərt münasibət bildirib: “Əli Kərimli keçmişə baxsın. O zaman görəcək ki, biz Əli Kərimlinin keçirdiyi mitinqlərdən yüz dəfə güclü mitinqlər keçirmişik. Onun bu sözləri gülməlidir. Doğrudur, son vaxtlar biz mitinq keçirmirik. Onlar da mitinq keçirməyi bacarmırlar. Mitinq keçirmək lazım olsa, mən Əli Kərimlidən 10 dəfə güclü mitinq keçirərəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ADP   Müxalifət   MilliŞura   Mitinq  





Xəbər lenti