Peterburq terroru: Kimlər edib, məqsəd nədir?

Peterburq terroru: Kimlər edib, məqsəd nədir?
  04 Aprel 2017    Oxunub:3866
Aprelin 3-də Sankt-Peterburq metrosunda 11 nəfərin ölümü, 51 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib. Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburq metrosunda qanlı olayı törətməkdə şübhəli bilinən şəxsin 1995-ci ildə Qırğızıstanda anadan olmuş, Rusiya vətəndaşı Ekbercan Cəlilov olduğunu təsdiqləyib.
Məlumata əsasən metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur.

Rusiyadakı terror dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Terror aktının hansı məqsədlə törədilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Birinci versiya, terror aktını Rusiyanı cəzalandırmaq istəyən bəzi dairələr törədib. İkinci versiya isə hadisənin Rusiya rəhbərliyi tərəfindən törədilməsi haqdadir. Qərb ekspertlərinin irəli sürdüyü ikinci versiya bir o qədərə də inandırıcı və real görünmür.

Azərbaycanlı siyasi ekspertlər bu barədə nə düşünürlər?

Politoloq Qabil Hüseynli hesab edir ki, terror Rusiyaya göz dağı vermək istəyən qüvvələrin işidir: “Şübhə etmirəm ki, İŞİD bəyanat verəcək ki, bu, bizim işimizdir. Rusiya Suriyada çox böyük səhvlərə yol verib. Hələb və İdlib şəhərlərinə hava bombardımanları nəticəsidə xeyli insan qırılıb. Ola bilsin ki, terrorçular bunun qisasını almaq istəyiblər. Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib”.

Q.Hüseynlinin fikrincə, Rusiyada ölkəboyu mitinqlərin başlaması və ardınca terror aktının törədilməsi göstərir ki, siyasi rəhbərlikdən əhalinin böyük qismi narazıdır: “Narazılıqlarla yanaşı, Rusiyanı qarışdırmaq istəyən müəyyən dairələr var. Bunların kim olduğunu söyləmək çətindir. Amma, bu terror Rusiya üçün bir siqnaldır. Qonşu Rusiya nəticə çıxarıb, başqa yerlərdə müxtəlif avantüralara getməməlidir”.

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, metroda terror törətməkdə məqsəd əhalini və hökuməti qorxutmaq, sabitliyi pozmaqdır: “Bunu Rusiyanın düşmənləri edə bilər. Amma, hələlik kim edib, bilinmir. İstintaq yekunlaşdıqdan sonra terror aktını kimin törətdiyi bəlli olacaq.

Doğrudur, bəzi axmaq fikirlər səsləndirilir ki, cəza tədbirlərini sərtləşdirmək üçün guya hadisəni Putin özü törətdirib. Bu baltanı götürüb şüurlu şəkildə ayağına vurmağa bənzəyir. Mənasız, cəfəng yanaşmalardır. Çünki, bu hadisə birbaşa Putinin şəxsinə qarşı yönəlib. Hesab edirəm ki, bu terroru Rusiyanın düşmənləri edib”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Sankt-Peterburqda metro patlayışının “müəllifliyinə” iki real qüvvə iddia edə bilər: “Bu aksiya ya Şimali Qafqazda məskunlaşan gizli qrupların təlimatıyla həyata keçirilib, ya da əmr İŞİD-dən gəlib. Əslində bunların ikisi arasında fərq yoxdur. Çünki İŞİD Rusiyanın şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçularına müraciət etməlidir. Aydındır ki, ərəb mənşəli İŞİD üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyil. İŞİD-in rus dilini bilən və keçmiş SSRİ məkanından olan üzvləri Sankt-Peterburq metrosunu partlada bilərdi”.

E.Şahinoğlu hesab edir ki, terrorçular Moskvanı yox, Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıb: “Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskadan əzizdir, hətta ən mötəbər qonaqlarını tez-tez Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır: “Biz Sənin dogma və buna qədər təhlükəsiz saydığın şəhəri də hədəf götürə bilərik”. Terrorçular bu dəfə Putinə meydan oxudular. Rusiya prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır. Əks halsa bu partlayış onun nüfuzuna zərər vuracaq”.

Rusiya hakimiyyətinə yaxın olan ekspertlər isə hesab edirlər ki, metrodakı terror Qərb güclərinin sifarişi ilə törədilib. Digər versiya isə İŞİD-lə bağlıdır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Terror   Peterburq   Metro  





Xəbər lenti