"Azərbaycanla münasibətlər heç vaxt pozulmayıb" - Nazarbayev

"Azərbaycanla münasibətlər heç vaxt pozulmayıb" - Nazarbayev
  03 Aprel 2017    Oxunub:1515
“Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev prezident İlham Əliyevlə görüşü zamanı deyib.

“Nümayəndə heyətimiz buraya səmimi əminliklə gəlib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq. Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük. Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.

Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik.

Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq.

Bizim nümayəndə heyətinə göstərilən səmimi qəbula görə sağ olun. Aparacağımız danışıqlar və imzalayacağımız bəyannamə özlüyündə bizim gələcəkdə ölkələrimiz və xalqlarımız üçün nəzərdə tutduğumuz böyük işlərdən xəbər verir”.

Nazarbayev əlavə edib ki, Qazaxıstan azərbaycanın səmimiyyətini, qonaqpərvərliyini hiss edir: “Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.

Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir.

Digər məsələlərə - həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik.

Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük".

AzVision.az


Teqlər: Qazaxıstan   Azərbaycan   görüş  





Xəbər lenti