"Rokfellərin xalası oğlu" Natiq Cəfərlini hədələdi: Çaşmayın!

"Rokfellərin xalası oğlu" Natiq Cəfərlini hədələdi: Çaşmayın!
  30 Mart 2017    Oxunub:38652
Milli Şura-ReAl qarşıdurması yenidən alovlanıb. Alovu Milli Şuranın üzvü Eldəniz Quliyev körükləyib. O, feysbuk statusunda ReAL-çıları rəqqasələrlə müqayisə edib: “İlqar Məmmədov tezliklə azad edilməsə, ReAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər”. E.Quliyevin bu sözlərinə ReAl üzvü Natiq Cəfərli cavab verərək Milli Şuranı onlara qarşı aqressiv mövqedə olmaqda ittiham edib.
N.Cəfərli report-a Milli Şura kimi birlik modelinin uğursuz olduğunu bəyan edib: “Milli Şura yaradılarkən dəyərlər, prinsiplər və məqsədlər üzərində qurulsaydı, daha yaxşı olardı və Real Hərəkatı da həmin quruma qoşulardı. Yəni, biz sistemin əleyhinəyik, amma nəyin lehinəyik, nə istəyirik? Milli Şura kimi birliklərin uğurlu olmadığını Azərbaycan tarixi dəfələrlə sübut edib".

ReAl funksioneri həmçinin vurğulayıb ki, Milli Şuranın keçirməyi planlaşdırdığı mitinqinə qatılmayacaq.
N.Cəfərlinin fikirlərinə Eldəniz Quliyevin cavabı gecikməyib.

MŞ üzvü AzVision.az-a açıqlama verərək Natiq Cəfərlinin qərəzli mövqe tutduğunu deyib.

“Milli Şura bu təşkilatın liderini müdafiə edir. Bunu heç kim unutmasın. Bu göz qabağındadır. İndi, kimsə nə isə deyirsə, öz işidir. Hesab edirəm ki, təşkilatın funksionerləri çaşıb. Çaşmasınlar”.

E.Quliyev N.Cəfərliyə artıq-əskik danışmamaq barədə xəbərdarlıq edib: “Mən deyə bilərəm ki, Rokfellərin xalası oğluyam. Bunu demək asandır. Əsas reallığın nə olmasıdır. Bunu görən ReAl bizə qarşı aqressiya nümayiş etdirir. Bu da başa düşüləndir. Düz dayanan adam kölgəsinin əyri düşməsindən qorxmaz”.

E.Quliyev vurğulayıb ki, ReAl-ın Milli Şuranın üzərinə gəlməsi mitinqi həzm edə bilməmələrindən qaynaqlanır: “Biz elan etdik ki, bu xalqın mitinqidir. Əgər bu mitinq keçirmə qərarımıza qarşı ReAl-da hər hansı bir qıcıq, qısqanclıq yaranırsa, bu onların düşüncələrinin problemli olması anlamına gəlir. Ona görə də problemlərini həll etsinlər”.

Elvin Abdulqədirov
AzVision.az





Teqlər: MilliŞura   Real   Müxalifət   Qalmaqal  





Xəbər lenti