`Qarabağın utanc divarı dağılacaq` - Fransız jurnalı Azərbaycandan yazır

`Qarabağın utanc divarı dağılacaq` - Fransız jurnalı Azərbaycandan yazır
  30 Mart 2017    Oxunub:2159
Fransada dərc olunan “L’Ami Hebdo Alsace” jurnalında Azərbaycanla bağlı məqaləə dərc olunub. AzVision.az Jerar Kordonun qələmə aldığı məqalənin tərcüməsini oxucularına təqdim edir.


Azərbaycan, kontrastlar ölkəsi

Qədim və zəngin tarixə malik bir ölkə var. Bu ölkə 5000 ilə yaxın bir zamanda hərislərin, tamahkarların, işğalçıların diqqətini özünə cəlb edib. Qobustanda aşkar edilmiş qayaüstü petroqliflər bunu təsdiq edir. Ölkəyə hücum edən işğalçıların qarşısını kəsən Gilgilçay səddini də unutmaq olmaz. Əmir Teymur Əlincə qalasının divarlarında dişlərini sındırmışdı.

Nəyə görə bu gün də bu təcavüz və aqressiya davam edir? Nəyə görə Qafqaz nifrət dolu hava ilə nəfəs alır? Əslində cavab çox bəsitdir – bir ölkənin heç kimdə gözü olmadığı halda, əhatəsində yerləşən qonşu ölkələr onu parça-parça edib, torpaqlarını ələ keçirmək istəyir. Xüsusən də həmin ölkə yüksək iqtisadi, geostrateji və mədəni dəyərlərə malikdirsə.

Azərbaycan - Avropa və Asiya arasında yerləşən bu ölkə həmçinin “Odlar yurdu” da adlandırılır. Bu, ölkənin min illərlə yaşı olan zəngin tarixə sahib olması deməkdir. Onun zənginliyində təbii qazın da böyük payı var. Aleksandr Duma hələ “dəniz işıqları”ndan bəhs edərkən bunu anlamışdı. Dünyada ilk neft quyusu 1848-ci ildə Bakı yaxınlığında qazılıb. ABŞ-da ilk belə neft quyusu 10 ildən sonra qazıldı.

1898-ci ildə Azərbaycanda ilk sənədli film və dünyadakı ilk filmlərdən biri olan «Balaxanı neft mədənləri» lentə alındıqda film dünyası heyrətə büründü. 1918-ci ildə, dövrün Avropa siyasi modeli üzərində öz adına uyğun Azərbaycan Demokratik Respublikası quruldu. Konstitusiyasına görə, demək olar ki, ölkə bir çox Qərbi Avropa dövlətlərini geridə qoyub.

Azərbaycan Demokratik Respublikasında insan hüquqları təmin edilir. Qadın və kişilər bərabər seçki hüququna malikdir. Bu, hələ də bərabərsizliyin mövcud olduğu müsəlman dünyasında bir ilk idi. Çadrasını başından açaraq özünü azad edən qadın heykəli də məhz bunun rəmzidir. Müsəlman dünyası üçün növbəti bir ilk isə Azərbaycan Respublikasının konstitusiyasının mənşəyindən və dinindən asılı olmayaraq, vətəndaşlar arasında bərabərliyin təmin edilməsidir. Ölkə konstitusiyasına görə dünyəvi ölkə olan Azərbaycanda dövlət və din bir-birindən ayrıdır. Müsəlman, xristian və yəhudi icmaları Azərbaycan ərazisində sülh şəraitində yaşayır. Digər ölkələrdən fərqli olaraq, bu tolerant ruh halı bu icmaları bölüşmək, dialoq və qarşılıqlı hörmətə ilhamlandırır.

Hazırda Bakıda Memarlıq Universitetinin rektoru olan Gülçöhrə Məmmədovanın rəhbərliyi altında Kişdə II əsrə aid ən qədim Alban xristian kilsəsinin yenidən bərpa edilməsi bunu bir daha sübut edir. Tarixi 1681-ci ilə gedib çıxan Nic kilsəsinn də təmiri buna əyani sübutdur.

Digər ölkələr kimi müasirlik və konsensus yolunda addımlayan Azərbaycan bütün keyfiyyətləri özündə təzahür etdirən bir ölkə olaraq qalır. Regionun digər ölkələrini heyran qoyan ABŞ və İsrail ilə beynəlxalq balanslaşdırılmış münasibətlər bütün dünya ilə harmoniyada yaşamağın mütləqliyini təcəssüm etdirir.

Bütün bu müsbət cəhətlər ölkənin ağrılı və inildəyən yarasını unutdura bilməz. Belə ki, Qarabağ regionu 1992-ci ildən bəri qanunsuz olaraq Ermənistanın işğalı altındadır. 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Qarabağ Azərbaycanın ən qədim bölgələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilində olan «qara» və «bağ» sözlərindən əmələ gəlib. «Qarabağ» sözü VII əsrin ilkin mənbələrində peyda olmağa başlayıb.

Beynəlxalq sərhədlər haqqında prinsipləri pozaraq bu ərazini işğal edən Ermənistan BMT-nin 4 qətnamələri və Avropa Şurası tərəfindən ittiham edilib. Ermənistan dünyanın 11 ölkəsi və ABŞ-ın 22 ştatı tərəfindən tanınan Xocalı faciəsinin ləkəsini üzərində daşıyır. Rus, türk və fars strateji təsirlərinin kəsişməsi olan Qarabağ Cənubi Qafqazda daimi gərginliyin mənbəyi olaraq qalır. Yerevan və Bakı arasındakı fikir ayrılığı qısa müddətdə öz həllini nə siyasi, nə hərbi yolla tapa bilməyəcəyi donmuş bir münaqişəyə bənzəyir. Hər iki tərəf zamanın onun xeyrinə olacağına ümid edir. Ermənistanın iqtisadi və siyası baxımdan daha çox asılı olduğu Rusiya isə öz təsirini qorumaq üçün güc balansını saxlayır.

Qafqazın bu regionunda gərginlik və qarşıdurmadan bəhs etməmək mümkün olmadığı kimi, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə töhfə verməyi arzulayan Azərbaycan və Ermənistan vətəndaşlarının birgə təşəbbüsü ilə yaradılan «Sülh platformasını» da qeyd etmək mütləqdir. Bu isə təbii ki, risklər olmadan ötüşmür. Necə ki, gənc erməni yazıçı Lusine Nersisyan təzyiqlərə məruz qaldı. Lakin bu araqızışdırıcı təzyiqlər Ermənistan tərəfindən hüquq müdafiəçisi Vahe Avetiyan və Ermənistan yazıçılar ittifaqının üzvü Vahan Karapetyanı, həmçinin Azərbaycan tərəfindən Qadın hüquqlarını müdafiə cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Rövşən Rzayevi ruhdan salmağa qadir deyil.

Bir gecə Xəzər dənizinin qırağında bir arzu tutdum: 1989-cu ildə Berlin divarının yıxılmasını dinlədiyim kimi, Bakının yetirməsi Mstislav Rostropoviçin violonçelindən səslənən Baxın süitlərini Şuşada dinləmək. O, «Çünki Bax Allahdır» deyərdi. Bilirəm ki, Qarabağın «utanc divarı» nəhayət, dağılacaq.

Günel İbrahimova
AzVision.az


Teqlər: #Fransa   #Qarabağ   #Azərbaycan   #Media  





Xəbər lenti