Bu axşam mərkəzi küçələr bağlı olacaq

Bu axşam mərkəzi küçələr bağlı olacaq
  29 Mart 2017    Oxunub:1277
Bu axşam 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.
AzVision.az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospektində ("Azneft" meydanından) başlanılır.

"Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin "Azneft" meydanından Əl Oyunları İdman Sarayına qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə ("Azneft" meydanı-Bayraq meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub", - deyə A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

AzVision.az


Teqlər: yol   İslamHəmrəyliyiOyunları   Azəravtoyol  





Xəbər lenti