Lələtəpədə ən böyük arzusuna çatan şəhidimiz - FOTOLAR+VİDEO

  24 Mart 2017    Oxunub : 72163
Lələtəpədə ən böyük arzusuna çatan şəhidimiz - FOTOLAR+VİDEO
Bu gün aprel döyüşlərində şəhid olan gizir Pəncəli Teymurovun doğum günüdür. AzVision.az xəbər verir ki, Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib.

1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu “İgidliyə görə “ medalı ilə mükafatlandırıb.

Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astara rayonu Əzarüd kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram . Mən həmişə özümə arzu eləmişəm ki , vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin“ demişdi.



Anar Kəlbiyev
AzVision.az

Foto


Teqlər: Şəhid   Apreldöyüşləri