82 yaşında azadlığa çıxdı: “Yolumu qoca arvadım gözləyir” (REPORTAJ+FOTOLAR)

82 yaşında azadlığa çıxdı: “Yolumu qoca arvadım gözləyir” (REPORTAJ+FOTOLAR)
  18 Mart 2017    Oxunub:91314
Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı 400-dən çox ailəyə sevinc bəxş etdi. Ata-analarının, övladlarının yolunu gözləyənlər üçün sözün əsl mənasında bayram bayrama qarışdı. İllərlə dəmir barmaqlıqlar arasında azadlıq eşqi ilə yaşayanların arzuları çin oldu. Şübhə yox ki, əfvə düşən məhkumlar 17 mart tarixini heç vaxt yaddan çıxarmayacaqlar.

Artıq əfv sərəncamının icrası tam başa çatıb. Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv edilənlər arasında qadınlar da var. 18 qadın məhbusun adı sərəncamda qeyd olunub. Onlardan 14-ü bu gün sərbəst buraxılıb, digərlərinin isə cəzaları yüngülləşdirilib.



Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindən azadlığa çıxan keçmiş məhkum Lətafət Qardaşxanovanın sevincinin həddi-hüdudu yox idi. O, arzuladığı azad həyata göz yaşları ilə qədəm qoyurdu:

“Sevincimin həddi-hüdudu yoxdur. Çünki azadlığa çıxıram. Bu gün həm də balamın ad günüdür. Dövlətimizin rəhbəri məni əfv elədi. İllərdi bu günü gözləyirdim. Deyirdim, kaş mən də balamın ad günündə yanında olaydım. Prezidentimiz mənə bu sevinci bəxş etdi. Ölkə rəhbərinə və onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Onlar bir ananın arzusunu yerinə yetirdilər, məni övladıma qovuşdurdular”.

Əfv olunanlar arasında əcnəbi məhbuslar da var idi. Məhkumluq həyatını başa vuran xanımlar cəzaçəkmə müəssəsinin divaları önündə onları gözləyən ailə üzvləri ilə qucaqlaşıb, həbsxana ilə vidalaşırdılar.



Qızına qovuşan ana Nailə İsgəndərova: “Qızımın günahı yox idi. Ona sataşmışdılar. Mən Mehriban xanım Əliyevaya məktub yazdım. İnanırdım ki, Mehriban xanım bizə kömək edəcək. Bu gün qızım öz balasına qovuşur. Bütün bunlar Mehriban xanımın sayəsində baş verdi. O, xoş siması, gözəl əməlləri ilə dünya xanımlarına örnəkdir. Cənab prezidentimizə də təşəkkür edirəm. Ölkə başçısı bizə böyük sevinc bəxş etdi. Allah heç kimin yolunu həbsxanadan salmasın”.



Cəzaçəkmə müəssisəsinin soyuq divarları önündə bir körpə bala dayanmışdı. Nəzrin adlı azyaşlı qız anası 19 yaşlı Şıxıyeva Nərminə Ağasəf qızının yolunu gözləyirdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən isə 7 kişi məhkum əfvə düşüb.



“Azadlıq vəsiqələri”ni almaq üçün gözləyənlərin sırasında bir əli əsalı, xoş simalı qocacam kişi diqqətimizdən yayınmırdı. Öyrəndik ki, 82 yaşlı Qasımov Səməd Həbib oğlu da prezidentin sərəncamı ilə azadlığa buraxılıb. Oğlunu qətlə yetirən S.Qasımov evi üçün darıxdığını deyib:



“15 il cəzam var idi. 6 ilini çəkdim. Sağ olsun ki, dövlət başçısı məni əfv etdi. Yolumu özüm kimi qoca arvadım gözləyir. O, hərdən yanıma gəlirdi. Mənim üçün isti yemək gətirirdi. Həbsxananın ən yaşlı sakini mən idim”.



Digər əfv olunan məhkum həbsxanada Azərbaycan dilində danışmağı öyrənən Çin vətəndaşı Li Jien Veindir.

“Azərbaycan prezidentinə təşəkkür edirəm. O, məni əfv elədi. Adam oğurluğuna görə həbs olunmuşdum. Öz yerlililərimi oğurlamışdım. Yeddi il cəza çəkdim. Həbsxanada Azərbaycan dilini öyrəndim. Azadlığa çıxdığım üçün özümü xoşbəxt hiss edirəm”.



Növbəti üz tutduğumuz cəzaçəkmə müəssisənin önündə doğmlarının yolunu gözləyən insanlar toplaşmışdılar. 4 saylı cəzaçəkmə müəssisəsindən 51 nəfər əfvə düşdüyündən onlarla vida mərasimi keçirilirdi. Əfv edilənlər arasında Türkiyə və İran vətəndaşı da var idi.

Cengiz Çiftçi adlı Türkiyə vətəndaşının azadlıqdakı ilk təəssüratları: “9 illik məhkumluq həyatımın 5 il 3 ayı qalmışdı. İnşallah bir daha yolumuz buralara düşməz. Bizə həyatı bağışladıqları üçün hər kəsə təşəkkür edirəm”



Sonucu baş çəkdiyimiz ünvan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi oldu. Müəssisənin qapısından içəri daxil olan kimi orada yaradılan şərait diqqətimiz cəlb etdi. Belə ki, müəssisəsinin həyətində məhkumların müalicə və istirahətləri üçün hər bir şərait yaradılıb. Təəssüf ki, nə qədər yaxşı olsa da, heç bir həbsxanada azadlığın yerini verə bilməz. Məlumat üçün deyim ki, bu dəfəki sərəncam Müalicə Müəssisəsində cəmi 12 nəfərə şamil olunub.



Narkotik vasitələrin satışına görə həbs edilən 1947-ci il təvəllüdlü Rzayeva Norəstə Firudin qızı bizimlə söhbətində ən çox övladları üçün çox darıxdığını deyib.

“İki ilə yaxın idi ki, həbsdə idim. Yaşlı insanam. Müəyyən xəstəliklərim var. Buranın həkimlərinə öz təşəkkürümü bildirirəm. Çünki onlar mənim ürək xəstəliyimi aşkar etdib, müalicə etdilər. Dövlət başçısına məni əfv etdiyi üçün təşəkkür edirəm. Azadlıqda yolunu balalarım gözləyir. Onlar mənim yanımda siqaret belə çəkmirdilər. Bu gün balalarımın üzünə baxmağa utanıram. Nəvələrim üçün darıxmışam. Bir-iki günə nəvəm əsgər gedəcək”.

Hafiz Əhmədov
Foto Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: Əfv   Həbsxana   Azadlıq  





Xəbər lenti