Millət vəkilindən təhsillə bağlı yeni təklif

Millət vəkilindən təhsillə bağlı yeni təklif
  27 Avqust 2013    Oxunub:1356
`Orta məktəbi müfəffəqiyyətlə bitirməyə görə medal verilmə qaydalarını dəyişməyi təklif edirəm`.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə öz facebook profilində yazıb.

-Dünən Təhsil Nazirliyi tərəfindən iki maraqlı açıqlama yayıldı və onlar sosial şəbəkədə çox maraqla qarşılandı.

Bunlardan birincisi,bu ildən başlayaraq bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsinin nəticəsi barədə idi. Analiz göstərdi ki ,bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.

Nazirliyin təklifinin müsbət nəticəsi göz qarşısındadır. Hansısa fəndən aşağı nəticə, yüzdən çox gəncimizə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərməyə mane olmayıb. Hətta bir nəfərin 559 bal nəticə göstərməsi əvvəlki illərdə xeyli sayda istedadlı gəncimizin gələcəyə yolunun kəsildiyini göstərir. Eyni zamanda nəzərə alsaq ki, bu qərar dərs ilinin sonunda verilib, deməli xeyli sayda bir fəndən zəif, amma ümumən qabiliyyətli gənc ümidsizlikdən ali məktəblərə hazırlaşmağı mənasız sayıbdır.

Bu səmərəli yenilik həmçinin minlərlə gənci attestatsız qalaraq bütün həyatı boyu cəmiyyətdə yarımçıqlıq sindromu ilə yaşamasına imkan vermədi. Attestatsızlıq təkcə təhsil problemi olmayıb, ciddi bir sosial problem olaraq da yaşandığı hamıya yadın idi.

Səmərəli təklifə görə Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm.

Digər məlumat isə bu il orta məktəbi qızılmedalla bitirən məzunların ali məktəblrə qəbul imtahanlarında yığdıqları balların nəticələri ilə bağlı idi. Medal alanların mütləq əksəriyyəti bu yüksək adı doğrulda bilib, iki nəfər isə hətta maksimum 700 bal da toplayıb. Ancaq bunla belə bir qisminin aşağı nəticələri, bir nəfərin isə cəmi 140 bal toplaması müyyən düşüncələrə gətirib çıxarır.

Əslində isə araşdırma göstərir ki, medala namizəd olanlar axırıncı dərs ilini əsasən medalla bağlı prosedurlara sərf edirlər. Ali məktəbə hazırlaşmağa isə bəzən vaxt və enerji qalmır. Buna görə də bəzi ailələr övladlarının medal almaq perspektivinə soyuq yanaşır, bütün qüvvəni məhz ali məktəbə hazırlığa sərf edirlər. Bunu bu il 700 bal toplamış 6 nəfərdən yarısının medalının olmaması statistikasında görmək olar.

Deyilənləri nəzərə alaraq orta məktəbi müfəffəqiyyətlə bitirməyə görə medal verilmə qaydalarını dəyişməyi təklif edirəm.

Medallar ilin nəticəsinə görə deyil, qəbul imtahanlarının nəticəsinə görə verilsin. Məsələn, ali məktəblərə qəbul imtahanlarında 650-700 bal toplayanlara avtomatik olaraq qızıl medal, 600-650 bal toplayanlara kiçik qızıl medal, 500 - 600 bal toplayanlara isə gümüş medal verilə bilər. Ballar nisbətini dəyişmək mümkündür.

Təklifi bu ilki payız sesiyasında büdcə müzakirəsində də səsləndirmək fikrindəyəm.

Nihadə


Teqlər:  





Xəbər lenti