70 min gəncin imtahan pulunu dövlət verəcək

70 min gəncin imtahan pulunu dövlət verəcək
  28 Fevral 2017    Oxunub:1251
“Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında prezidentinin sərəncamı 70 min gənci əhatə edəcək.

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasənın sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sərəncam əsasında hər bir gənc ilk dəfə qəbul imtahanları üçün ərizə verəndə ya orta ixtisas təhsili müəssisələrinə, ya ali təhsili müəssisələrinə imtahana lazm olan məbləğ dövlət tərəfindən ödəniləcək.

“Bizim xidmətlərimizi istifadəçilər, ya da sifarişçilər ödəyir. Sifarişçi kimi dövlət çıxış etdi və bu işi öz üzərinə götürdü. Gənclərin təhsil alması üçün bu böyük təkan olacaq. Bu ilin məzunları hamısı ilk dəfə müraciət edənlərdir. 65 min məzun keçən il bizə sənəd vermişdi. Bu il həmin məzunların sayı bir qədər az və ya çox ola bilər. 2016-ci ildə 56433 abituriyent (68.31 faiz) bizə sənəd verib. 2015-ci ildə isə 8567 abituriyent məktəbi bitirib”.

M.Abbaszadə bildirib ki, gələcəkdə abituriyentlərin ali məktəbə imtahan verməsi üçün imkanlar genişləndirilə bilər: “Bu ilki qəbul qaydalarına əsasən avbituriyentlərə I və IV qruplarda iki dəfə imtahan vermək şansı vermişik. Gələcəkdə bu şanslar arta bilər və abituriyentlər 2-3 dəfə ali məktəblərə imtahan verə biləcəklər”.

DİM rəhbəri qeyd edib ki, ötən il 8,4 faiz abituriyent qəbul imtahanı üçün ərizə verib, buraxılış vərəqəsi alıb, amma imtahana gəlməyib.

"11 illik üzrə orta ixtisas təhsili müəssisələrinə 20 faiz, 9 illik orta ixtisas təhsili müəssisələrinə isə qəbul imtahanlarına 15 faiz abituriyent gəlməyib. Rus bölməsində oxuyan abituriyentlər üçün Azərbaycan dilindən ikinci imtahana gəlməyənlər 26 faiz olub. Ödənişin olması bu kimi halları aradan qaldıracaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti