`Oğru qardaşlığı`na hər kəsi götürmürlər – Avtoritetin xatirələri

`Oğru qardaşlığı`na hər kəsi götürmürlər – Avtoritetin xatirələri
  22 Fevral 2017    Oxunub:30879
Bəhram Çələbi
AzVision.az üçün

Onu çox ləqəblərlə tanıyırlar: “Qarabala”, “Alik”, “Qızıldiş Mamed”... Əsl adı Məmmədəlidir. Hazırda İrkutskda yaşayır. Kriminal dünyada tanınan adamlardan sayılır. Həmin aləmin gizli işlərinə yaxşı bələddir. Ona görə, söhbətləri də həmişə maraqlı olurdu.



1992-ci il…

...Bir dəfə möhkəm yağış yağırdı. Yağışı görmək, onun altında islanmaq ən böyük arzum idi. Lakin mənə təkcə yağışın səsini eşitmək nəsib oldu - buna da sevindim. Barəmdə məhkəmə hökmü çıxarılandan sonra kameramı dəyişdilər. Pəncərədən boylanan tənha tut ağacının yaşıl pöhrələrinə sevinirdim. Gündüz-lər bu kameraya işıq şüalarının düşməsi sevincimə səbəb olurdu.
Kamera yoldaşımızın müxtəlif idarələrə aparılıb, işgəncə verilmədən geri qaytarılması bizim üçün sevinc idi. Hətta məhkəməyə gedərkən müttəhimin işində bəzi müsbət dəyişikliklər də bizi sevindirirdi. Vəkil, yaxud müstəntiq gələndə də sevinirdim. Axı təcridxana həyətinə - açıqlığa çıxmağa imkan yaranırdı. Bayıra məktub ötürəndə də, məktub alanda da sevinirdik...

NOSTALJİ

...Yazın gəlişi ilə kəndimizin az qala hər evindən bir yük düzələrdi. Atların, uzunqulaqların büdrədiyi dağ yolları, cığırları ilə bu kiçik karvan Laçına qalxardı. Və bu dolayı cığırlar, nəfəsçatladan yoxuş, sonunda bizi Qarabağ dağlarından əsib gələn yellərin qovuşduğu bir zirvəyə çatdırardı.

Burada kəndin ən dələduz uşaqları belə, quzu kimi olardılar. Ayaqlarının altındakı torpaqdan belə qorxurmuş kimi yeri asta basardılar. Bu qorxuya baxmayaraq, bu zirvə hamının and yeri idi! Sevinərdik…

Mən onu sevənləri də sevirəm. Amma mən onu qaytarmaq istəyənləri axtarıram. Bir atı, inəyi, qoyunu itəndə onu gecəni-gündüzə qatıb axtaran kişilər, biz atlı-otlu itirdiyimiz bu yurdu qaytarmalıyıq!!!

HƏSRƏT

"Peredaça" deyilən pay gələndə dustağın sevinci yerə-göyə sığmırdı. Ona görə yox ki, dustaq yemək istəyirdi. O "peredaça" ilə birgə türmənin içinə çöldən azadlıq havası gəlirdi, dustaq o yeməkləri iyləyib azadlığın ətrini duyurdu. İllərlə dəmir barmaqlıqlar arasında romantik xülyalarla yaşayan məxluq üçün bundan artıq nə ola bilərdi? Hərdən qəzetlərdə oxuyuram, kim ki, deyir mən dustaqxanada elə idim, belə idim, hamısı boş söhbətdir. Qazamatda qəhrəmanlıq yoxdur. Orda yalnız dəlicəsinə həsrət çəkmək var. İnsan susayanda dil-dodağı necə çatlayırsa, bax, içəridə olanda da eyni cür doğma yurd üçün darıxır...”

1988–ci ildə İrkutsk həbsxanasında cəza çəkirdim. Dekabr ayıydı. Dizəcən qar yağmışdı. Zonun həyətindəki şam ağaclarının birinin altında oturub fikrə getmişdim. Birdən qulağıma Əbülfət Əliyevin səsi gəldi. Demə, bir həbsxana məmuruna hansısa dustağa çatdırmaq üçün Əbülfətin kasetini veriblərmiş. O da həbsxananın qapısında "vaxta" deyilən yerdə həmin kaseti qoşub maqnitofona. Həmin məqamda mən göz yaşlarımı saxlaya bilmədim, başımı qucaqlayaraq hönkürtü vurub ağladım...

* * *

- Heç elə bir arzun varmı ki, kiməsə xeyirxahlıq, yaxşılıq edəsən?


- Var. Xüsusən son illər xalqımız üçün elə bir yaxşılıq etmək istəyirəm ki, mənimlə fəxr etsin. Altmış yaşım olmasına baxmayaraq, ən təhlükəli tapşırığı yerinə yetirməyə və cinayətkar kimi deyil, insan kimi ölməyə hazıram. Şəhid olmaq istəyirəm.

- Əgər həyatı təzədən yaşamalı olsaydın, özünə hansı yolu seçərdin?

- Atamın yolunu. O, 1941-45-ci illərdə Vətən uğrunda vuruşmuş, yaralanmışdı. Müharibədən sonra işləyib və hörmətli adam idi. Ancaq yaşadığım həyatı, keçdiyim yolu bir də seçməzdim.

- Özünün həbsxana yoldaşlarına necə yanaşırsan? Dostların varmı?

- Bir yerdə oturduğum adamlarla heç bir münasibətim yoxdur. Mən poeziyanı, xüsusilə də Nizamini, Xəyyamı sevirəm. Tarixi ədəbiyyat oxumaqdan həzz alıram. O ki, qaldı dostlarıma. Mənim dostlarım olmayıb və yoxdur. Ümumiyyətlə, belə hesab edirəm ki, dünyada dost yoxdur. Podelnik (yoldaş), kent (cur) var, xlebnik (çörəkyeyən) var… Mənim dostlarım oxuduğum kitablardır. Çox təəssüf edirəm ki, məktəb illərində, gəncliyimdə kitablardan uzaq idim.

- Deyirlər ki, “sxodka”nın çıxardığı hökm ləğv edilə bilər. Bu qaydada istisnalar olurmu?

- Belə hallar olub. Lakin o, bizim mühitin adamlarının psixologiyasından çox, əgər belə demək mümkünsə, ümumbəşəri psixologiyanı əks etdirir. Oğru şərəfi məcəlləsini pozaraq ağır cinayət törətmiş məhbus ölümə məhkum edilmişdi. Onu icra etməyi ölümə məhkum olanın yaxın dostuna həvalə edirlər. Dost qərardan imtina etmir. Yalnız bir şərtlə ki, sonra özü intihar edəcək. İnanın, bu, heç də boş söz deyildi. O, dediyini yerinə yetirəcəkdi. Bu hərəkət sxodka “hakimlərini” o dərəcədə mat qoydu ki, onlardan heç biri öz qərarında təkid etmədi.



- “Oğru qardaşlığı” haqqında şayiələr dolaşır. Əvvəl-axır ora hər kəsmi düşə bilər?

- Bu, heç də belə deyil. Buranın qapısı qadınlar və yeniyetmələr üzərində zorakılıq törətmiş adamların üzünə bağlıdır. Sutenyorlar, terrorçular, şantajçılar, uşaq oğruları da bu kateqoriyaya aiddirlər. Zonada onların nəsibi nifrət, aktiv homoseksualistlərə xidmət göstərməkdir. Və bu biabırçılıq, bu damğa ilə onlar həm həbsxanada, həm də azadlıqda ömürləri boyu yaşamalıdırlar.

* * *

Dördüncü sinifdə oxuyurdum… Onuncu sinifdə oxuyan qardaşım Rafiqlə eyni parta arxasında Arif adlı oğlan otururdu və qardaşımla dostluq edirdi. Arifin atası dağdan odun gətirərkən selə düşüb ölmüşdü. Dostlar dərsi bir yerdə hazırlayar, birgə gəzər, futbolu da eyni komandada oynayırdılar. Evimizdə də Arifi ailənin oğlu kimi qəbul edərdilər. Atam Rafiqə nə alırdısa, Arifə də eyni ilə ondan alardı. Anam yemək çəkəndə boşqabın böyüyünü Arifin qarşısına qoyardı. Mən qardaşım Rafiqə "qağa" deyə müraciət edərdim. Necə oldusa, Arifə də "qağa" dedim. Qağam Arif böyüdükcə mən də böyüyürdüm. Arif Bakı Dövlət Universitetini bitirdi, mən orta məktəbi başa vurdum. Arif polis sisteminə işə düzəldi, mən də instituta girdim. Və hər dəfə görüşəndə yaşca kiçik olduğumdan, əlimi birinci mən uzadar: "Ayə, qağa, nejəsən?" deyə soruşardım. Arif məndən inciməzdi, hər dəfə əlini çiynimə qoyub: "Sən mənim kiçik qardaşımsan!" deyərdi.

İllər keçdi. Sənaye İnstitutunu bitirib, rayonda əmək fəaliyyətinə başlayanda Arif artıq Ədliyyə Nazirliyində məsul vəzifədə çalışırdı və nəinki evimizə, hətta kəndimizə də gəlib-getmir, qardaşıma heç məktub da yazmırdı.
Qismət elə gətirdi ki, cinayət törətdim və məhkəmənin hökmü ilə dörd il müddətinə azadlıqdan məhrum edildim. İslah-əmək koloniyasına yatab ediləndə düşünürdüm ki, işim pis olmaz, sənətkaram, başımı aşağı salıb sevimli peşəmlə məşğul olaram. Düşündüyüm kimi də oldu. Müəyyən müddətdən sonra mənə tikiş sexi üçün kiçik bir otaq ayırdılar. İşim yaxşı gedirdi...

Bir gün xəbər yayıldı ki, müəssisənin rəisini dəyişirlər. Gedən xozeyinin yerinə Arif adlı rəis gəlir. Özü də həmkəndlimdir. Dedim: kaş qağam olaydı, məni qanadınını altına alıb yola verəydi.
Təzə rəisin zona gəlişini gözləyirdim. Və bir gün Arif qağamı gördüm. Gördüm ki, bir neçə nəfərin əhatəsində rəis gəlir. Sevincimi gizlədə bilmədim, dəstənin yaxınlaşdığını görüb irəli cumdum, uşaq sadəlövhlüyü ilə:
- Qağa, necəsən? - deyərək əlimi uzatdım. Əlim havada qaldı:
- Ayə, qağa...?!
Sözüm ağzımda qurudu, nəzarətçilərdən kimsə məni çiyni ilə itələyib, kənara yıxdı. Seximə qayıdanda özümə gələ bilməmişdim. Bir azdan nəzarətçilər gəlib məni apardılar, yerini bilməyən məhbus cəzalandırılmalıydı...
"Qağa"mın göstərişi ilə beş sutka karsda "dincəlməli" oldum. Bu, valideynlərimin özlərinə oğul bildikləri Arifin vəzifəyə təyin olunması ilə əlaqədar mənə hədiyyəsi idi...

GÖZÜKÖLGƏLİ

Neçə il idi zondaydım. İşlərim pis getmirdi; dərziliyimi edir, bala-bala srok çəkirdim. Hörmətim də yaxşı idi. İstər məhbuslar, istərsə də zon əməkdaşları - hamı xətrimi istəyirdi. Kiminə köynək, kiminə şalvar tikir, kiminəsə cəza müddətini yüngül başa vurmaqda kömək edirdim - zarafatımla, maraqlı əhvalatlar söyləməklə. Bir sözlə, məhbus həyatım maraqlı keçirdi. Bircə xəstəliyim vardı - telefon xəstəliyi, həftədə bir-iki dəfə şəhərdə yaşayan dostuma zəng etməsəydim, bağrım yarılardı. Zonda telefon üç nəfərdə vardı: rəisdə, müavində və bir də zampolitdə. Qaydaya uyğun olaraq, iki ayda bir dəfə zəng etməyə icazə verilirdi. Dəstə rəisinə deməliydin, zampolitlə danışmalıydı, vaxtın çatanda zəng edib 5-10 dəqiqə danışa bilərdin.

Mən isə xəstə idim - telefon xəstəsi. Telefondan tez-tez istifadə edim deyə, zampolitin kostyum və köynəklərini tikirdim. Hətta elə olurdu ki, zampolit qonşu müəssisələrdən dostlarını da dəvət edib, onların da sifarişlərini mənə gördürərdi. Ona görə də dəstə rəhbəri işə qarışmadan zəng etməyə gedərdim.

Bir gün könlümə yenə zəng etmək düşdü və gəldim zampolitin otağına. İçəri keçəndə nə görsəm yaxşıdır? Məhbuslardan biri zampolitimiz Cəmil müəllimlə qışqıra-qışqıra danışır, onu nədəsə ittiham edirdi. Məhbus çölə çıxandan sonra Cəmil müəllimdən soruşdum:
- Qohumunuzdur?
- Yox! - dedi.
- Ona borcunuz var?
- Nə danışırsan, Qarabala?
- Bəs nə üçün üstünüzə qışqırırdı?

Sualıma cavab verə bilmədi Cəmil müəllim. Elə həmin gün öyrəndim ki, zam-politlə qışqıra-qışqıra danışan məhbus iş düzəltməklə məşğul imiş. Kimlərdənsə pul alır, onların koloniya-məntəqəyə göndərilməsinə kömək edir. Sözsüz ki, pulu zampolitə çatdırır. Zampolitlə danışmaq qərarına gəldim.
- Cəmil müəllim, bilirsiniz, hörmətinizi saxlayıram. İşi mənim kimisiylə görmək lazımdır ki, üzünüzə ağ olmasın.
Cəmil müəllim qoluma girib məni eşiyə çıxartdı və axşam voronok gəldi, başqa zona yatab getdim. Başa düşdüm ki, bu, zampolitin əməlidir, paxırının üstü açılmasın deyə, məni didərgin saldı.


Teqlər:





Xəbər lenti