Andiçmədən bir ay keçdi: Tramp hansı işləri görüb? - ŞƏRH

Andiçmədən bir ay keçdi: Tramp hansı işləri görüb? - ŞƏRH
  21 Fevral 2017    Oxunub:12393
Bu gün Donald Trampın ABŞ prezidenti vəzifəsini icra etməsinin bir ayı tamam olur. Yanvarın 20-də baş tutan andiçmə mərasimindən indiyədək Tramp nə ilə yadda qalıb? O, seçkidən öncə verdiyi vədləri yerinə yetirirmi?

AzVision.az-ın sualarına politoloqlar cavab tapmağa çalışıblar.

Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, Tramp seçki kampaniyası zamanı verdiyi vədlərinin yerinə yetirməsi istiqamətində bir sıra addımlar atıb: “Seçki kampaniyası zamanı verdiyi vədlər – miqrant məsələsi, Rusiya, Suriya, İranla bağlı bir sıra məsələləri öz addımlarında büruzə verə bilib. Eyni zamanda bu 1 ay müddətində Tramp ABŞ-ın xarici siyasətinin dönməz olduğunu bütün dünyaya bəyan etdi. Bu, Suriya, Rusiya və İranla bağlı məsələlərdə aydın göründü. Bundan başqa Trampın həqiqətən də biznesmen olduğu və bir sıra məsələlərdə öz şəxsi mənafeyinin, ictimai mənafedən üstün tutmağı da yadda qalan məsələlərdəndir.

Tramp kadr siyasətində, ətrafında əsasən güc strukturların, keçmiş hərbçilər, xüsusi xidmət orqanlarının nümayəndələrinin olması məsələsini gündəmə gətirdi. Baxmayaraq ki, dövlət katibi vəzifəsinə Reks Tillersonun təyinatını ruspərəst addım kimi qələmə verməyə çalışdılar. Lakin Tillerson xarici siyasətdə atacağı addımların ABŞ-ın xeyrinə olacağını göstərir. Tramp, həmçinin İran məsələsinə yenidən qayıtmaqla daxili və xarici ekspertlərin rəyini təsdiqlədi. NATO-nun genişləndirilməsi, maliyyələşdirilməsi məsələsində verdiyi vədin üzərində durdu. Ümumilikdə isə Trampın gəlişi ilə ABŞ-ın xarici siyasətində elə də ciddi dəyişiklik olmadı”.



A.Nağıyev qeyd edib ki, daxildə Trampa qarşı müəyyən narazılıqların olmasına baxmayaraq, vəziyyətin stabilləşməsi üçün müəyyən addımlar atılır: “O, şəxsi məsələlərdə, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarında öz köməkçilərinin yardımına ehtiyacı oldunu bildirdi. Təhlükəsizlik məsələləri üzrə köməkçisini icazəsi olmadan və ya verdiyi icazə qayəsində ABŞ-ın səfiri ilə görüşəndən sonra tam şəkildə məruzə etməməsinə görə istefaya göndərdi. Bu, ABŞ tarixində nadir hallardan biri idi. Hesab edirəm ki, Tramp 1 ayda xeyli iş görüb. O,daxili və xarici siyasətdə verdiyi vədlərə əməl edir. Baxmayaraq ki, onun atdığı addımların sonda impiçimentlə nəticələnə biləcəyi ilə bağlı fikirlər səsləndirilir”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, 1 ay ərzində Tramp hakimiyətinin hələ də bəzi məsələlərdə çətinlik çəkdiyi müşahidə olunur: “1 ay az müddət deyil və bu dövr ərzində hakimiyyətin ideologiyası, yeritdiyi xarici siyasət, kadr siyasəti konseptual şəkildə formalaşdırılmalıdır. Hələ də Tramp hakimiyyətinin bəzi məsələlərdə çətinlik çəkdiyi müşahidə olunur. Məsələn, xarici siyasətin bütün parametrləri konseptual şəkildə formadalaşdırılmayıb. Hələ də Rusiyaya münasibət məsələsində birmənalı və tam aydın olan fikir ortaya qoyulmayıb. Eləcə də NATO və Avropa Birliyi ilə bağlı söylədiyi fikirlər tamamilə olmasa da qismən təkzib edilib. Trampın komandasında bir çoxları həm NATO, həm də Avropa Birliyinə ciddi müttəfiqlik münasibəti bəsləyir. Amma, Trampın özü isə ciddi baxışlar sistemini ortaya qoya bilməyib”.



Q.Hüseynli hesab edir ki, Trampın bəzi məsələlərə yanaşması siyasi naşılığından irəli gəlir: “Tramp hakimiyyətə gələndən mətbuatı tənqid edərək, onu xalqın düşməni elan edir. Hansı ki, KİV-lər ictimai fikrini formalaşdırılmasında böyük rol oynayır. Dünayaya demokratiya yayan, demokratiyası ilə öyünən bir ölkədə həm televiziyaları, həm də qəzetləri xalqın düşməni elan etmək siyasi naşılığın əlamətidir. Çünki, indiyə qədər ABŞ prezidentlərinin heç biri kütləvi informasiya vasitələrinə belə münasibət bəsləməyib. Onun Obama dövrünü amansızlıqla tənqid etməsi də siyasi etikadan kənardır. Məsələn, Obamanın səhiyyədə keçirdiyi islahatlar 30 milyondan artıq amerikalıya sığortası olmasa belə zəruri tibbi xidmətlər göstərilməsinə imkan yaratmışdı. Tramp isə bunu ləğv etmək istəyir və Obamanın səhiyyə islahatlarını uğursuz hesab edir”.

Politoloqun fikrincə, hələlik Tramp müstəqil prezident kimi hakimiyyətin bütün sahələrinə nəzarət edə bilmir, ona daha çox kənardan məsləhətlər verilir: “Ümumilikdə isə tez-tez Trampın siyasi cəhətdən təcrübəli olmadığı aşkara çıxır. Doğrudur, komandasında güclü adamalar var və onların sayəsində hakimiyyət ayaq üstündə dayana bilir. Etiraf edək ki, hələ ABŞ tarixində heç bir prezidentə bu dərəcədə mətbuatda, eləcə də ölkə ərazisində kütləvi çıxışlarla müşahidə olunan tənqidi münasibət olmayıb. Bir sözlə, Trampın ötən 1 ayı qalmaqallarla müşahidə olunur. Tramp nə dünyanı, nə də ABŞ-ı narahat edən məsələlər barədə perspektivli iddialar ortaya qoya bilib”.

Xatırladaq ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. O, bu ilin yanvarın 20-dən etirbarən vəzifəsinin icrasına başlayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti