“Eldar Namazov və iğtişaşlar işi” Baş Prokurorluqda

“Eldar Namazov və iğtişaşlar işi” Baş Prokurorluqda
  23 Avqust 2013    Oxunub:1109
Eldar Namazovun rəhbərlik etdiyi El Hərəkatı Ali Məclisi sədrinin müavini Əflan İbrahimov bu gün səhər Baş Prokurorluğa çağırılıb. O, hələ də Baş Prokurorluqdadır və Bakıda kütləvi iğtişaşların olacağına dair dünən verdiyi bəyanatı ilə bağlı ifadə verir.

Məlumatı virtualaz.org-a açıqlamasında Ə.İbrahimov verib.

Xatırladaq ki, Ə.İbrahimov dünənki açıqlamasında deyib ki, kütləvi iğtişaşların təşkilatçısı rolunda AXCP sədri Əli Kərimli ilə Eldar Namazov çıxış ediblər.

E.Namazovun müavini Ə.İbrahimov dünən bəyanat yayaraq, El Hərəkatından və Milli Şuradan çıxdığını elan edib. O, müxalifət liderlərinin, o cümlədən Eldar Namazovun ünvanına bir sıra ittihamlar səsləndirib : “Mən EL hərəkatının yaradıcılarından biriyəm. Amma indi görürəm ki, burada oyunlar gedir. Eldar Namazov Rüstəm İbrahimbəyovun göstərişi ilə EL-i yaratmaq üçün buraya göndərilmişdi. Mən özüm Rüstəm İbrahimbəyovla telefonla danışdım. O, mənə dedi ki, Bakıya bir daha gəlməyəcəyəm. Avqustun 21-də İbrahimbəyovun evində EL hərəkatının toplantısı oldu. Mən Namazova dedim ki, İbrahimbəyov gəlib Milli Şuraya rəhbərlik etməlidir, əks halda mən bu oyunda yoxam. Namazov da mənə dedi ki, Rüstəm İbrahimbəyov bir daha Bakıya gəlməyəcək. Mən də ona cavab verdim ki, əgər Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcəkdisə, xalqı niyə aldadırsınız, bu nə oyundur çıxarırısınız. Eldara dedim ki, mən öz bəyanatımla EL Hərəkatından çıxacam. Bəyanatla çıxış edəcəyəm ki, mən İlham Əliyevin namizədliyini dəstəkləyirəm və buna qüvvəm də var. Eldar Namazova dedim ki, siz burada oyun oynayırsınız. İlham Əliyevin alternativi yoxdur. Orada olanlardan heç kim mənə cavab vermədi. Namazov da başını aşağı saldı.

Bu gün rayondayam. Sizin sayt vasitəsilə bəyan edirəm ki, mən EL Hərəkatı sədrinin müavini və Ali Məclisinin sədri Eldəniz Quliyevin müavini kimi bu təşkilatdan istefa verirəm və İlham Əliyevin namizədliyini dəstəkləyəcəyəm və ona da səs verəcəyəm. Onlar mənim bu fikirlərimlə razılaşmadıqları üçün bəyanat vermək qərarına gəldim və sizinlə əlaqə saxladım. Mənim əlimdə müxalifətin, Milli Şuranın fəaliyyəti ilə bağlı çoxlu məlumatlar var. Onlar məndə sirr kimi qalır. Əli Kərimli nə oyunlar oynayır, nə etmək istəyir, zamanı çatanda sizə bu barədə məlumatlar verəcəm. Onlar Bakıda iğtişaşlar törətmək istəyir, xaos yaratmaq istəyir. Əli Kərimli Milli Şuranın qapalı keçirilən sessiyalarında hər dəfə deyir ki, Rüstəm İbrahimbəyov nəyin bahasına olursa-olsun Bakıya gəlməlidir. Gəlsin Milli Şuraya göstəriş versin ki, əgər namizədliyi qeydə alınmasa, camaatı küçələrə çıxarsın. Mən bunları biləndən sonra onlarla üzülüşməyə qərar verdim. Eldar Namazovun da özünün xüsusi planları var. EL Hərəkatında regionçuluq hökm sürür. Hərəkatın 14 üzvünün 9-u ermənistanlıdır. Milli Şuranın avqustun 26-da keçiriləcək sessiyasında özünüz də belə bir planın olduğunun şahidi olacaqsınız”.

E.Namazov isə öz növbəsində öz müavininin dediklərini təkzib etməyə yarıtmaz cəhd göstərib El-də belə adamın olmadığını dedi. Lakin Google axtarış sistemində ani aramalar onun Ə.İbrahimovla yanaşı çəkdirdiyi xeyli foto və videoları üzə çıxardı.


Teqlər:  





Xəbər lenti