Bu göl və çaylar çirklənib - Siyahı

Bu göl və çaylar çirklənib - Siyahı
  02 Fevral 2017    Oxunub:12246
Azərbaycanda çirklənmiş göllər və su hövzələri ilə bağlı hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Ekolokiya və Təbii Sərvətlər Nazirliyinin ətarf mühitin monitorinqinə dair 2016-ci il üzrə hesabatında qeyd edilib ki, detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 2016-cı il ərzində götürülmüş 427 su nümunəsi üzərində 8466 analiz aparılıb. Su nümunələri üzərində aparılmış analizlərin nəticələrinə əsasən məlum olub ki, əksər su obyektlərində bəzi göstəricilər üzrə konsentrasiyalar YVQH-ni keçib.

Kür Araz ovalığı- Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir. Bunun səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aiddir. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur. Bu da həmin məntəqələr boyunca qeyd edilən ərazidə çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə bağlı olub.

Böyük Qafqazın Cənub yamaclarından axan çaylar- bu bölgənin çayları əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1.7 km aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib. Bu çayların suyu təmiz su sinfinə aid olub.

Böyük Qafqazın Şimal-Şərq yamaclarından axan çaylar- Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib.
Kiçik Qafqaz regionunun çayları. Bu regionun çayları Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir.

Lənkəran - Astara zonasının çayları- İstisu çayı və Viləşçay mülayim çirklənmiş, Təngərud və Lənkərançay isə təmiz su sinfinə aid edilib. Süni sututarları- Ağstafa və Şəmkir su anbarlarında suyun keyfiyyəti mülayim çirklənmiş, Mingəçevir və Ceyranbatan su anbarlarında suyun keyfiyyəti təmiz su sinfinə aid edilib.
Göllər- Abşeron göllərindən Yasamal gölü çiriklənmiş, Böyükşor, Masazır, Kürdəxanı, Xocahəsən, Bül-bülə, Qırmızıgöl çox çirkli göllərə aid edilib.

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən dəfələrlə artıq olması müşahidə edilib. Bu çayların çirklənməsinə Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılması səbəb olub. Belə ki, Ağstafaçayda fenollar 2.5, Ağstafa su anbarında isə fenollar 1.2 dəfə YVQH-ni keçib. 2016-cı il ərzində aparılan monitorinqlərin nəticələrinin orta aylıq gostəricilərinə görə fenollar Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə müşahidə məntəqələrində isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,94–7,88 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Aytən Zəhra
AzVision.az




Teqlər:  





Xəbər lenti