`Bu, ikili standart deyil, rəzillikdir!` - Millət vəkili

`Bu, ikili standart deyil, rəzillikdir!` - Millət vəkili
  31 Yanvar 2017    Oxunub:2295
“Erməni girovluğundakı Dilqəm Əsgərov mərd kişidir. Doğmaları narahat olmasın deyə hər cür çətinlikləri gizlədən biridir. İndiyədək yazdığı məktublardan da bu, aydınca görünürdü. Ancaq indi o, ürəyində, başında və ayağında şiddətli ağrıların olduğunu yazırsa, demək, vəziyyəti çox ağırdır”.

Bu sözlər millət vəkili Sahib Alıyevə məxsusdur. O, öz feysbuk statusunda belə bir təklif irəli sürüb ki, Ermənistandakı cinayətkar-terrorçu rejimdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmaları tələb edilməlidir:

- Bilirəm, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu tələblər dəfələrlə səsləndirilib. Ötən həftə AŞPA-da həmkarım Vüsal Hüseynov da qurumun baş katibindən bu məsələdə yardımçı olmalarını istəmişdi. Ancaq Dilqəmin məktubundan da göründüyü kimi onların ölümə məhkum edildikləri göz önündə olduğundan hər iki girovun buraxılmaları məsələsini yenidən qaldırmalıyıq! Beynəlxaq qurumlara, Minsk qrupuna həmsədrlik edənlərə deməliyik ki, onlar susub laqeyd qalmaqla əslində erməni özbaşınalığına və terrorruna şərik olduqlarını sərgiləyirlər. İndi Hollandiyada sifətlərindən qan daman yunusların guya ölüm ayağına olduğunu deyərək hay salanlar, Lapşin kimi üçlü vətəndaşlığı olan, neçə kəşfiyyata işləyən, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq sonra da bizi ələ salan yaramazın birisinin Belarusda tutulmasını pisləyərək onun buraxılmasını tələb edən zatlar niyə susurlar, görəsən? Axı Dilqəm Əsgərov da Sergey Lavrov kimi Rusiya vətəndaşıdır. Bəs Avropa İnsan Haqları Məhkəməsi? Orada düşmənlə qaranlıq əməllərdə suçlandırılan yunus kimilərin məsələləri prioritet sayılaraq tez bir zamanda baxılması təmin edildiyi halda, nədən öz torpaqlarında girov götürülən iki azərbaycanlıya gəldikdə bunu etmək istəmirlər?

Sahib Alıyev vurğulayır ki, bu, ikili standart deyil, rəzillikdir: `Bu rəzilliyə ən rasional cavab isə ancaq Azərbaycanın güclənməsi, apreldə baş verənlərin daha möhtəşəm şəkildə təkrarlanması, Dilqəmlə Şahbazın girov götürüldükləri, Həsən Həsənovun isə qətlə yetirildiyi Kəlbəcərin azad edilməsi və Cocuq Mərcanlıyla olduğu kimi ora da köçkünlərin qayıdışına başlanması ola bilər. Mən bilirəm ki, bu, tez-gec baş verəcək. Və yəqin ki, onda Kəlbəcərdəki küçələrdənmi, məktəblərdənmi hansı birisə öz torpağında girov götürülənlərin adlarını daşıyacaq. Kəlbəcərdə Dilqəm Əsgər adına küçə. Tanrıdan diləyim- Dilqəmin Kəlbəcərdə öz adını daşıyan küçədə qürurla addımlamasıdır`.

Sonda millət vəkili əlavə edib ki, Dilqəm Əsgərovu Kəlbəcərə getdiyi gündən Dilqəm Əsgər və yaxud da Əsgər Dilqəm kimi tanıyır. Və onun girovluqdan yazdığı bir cümləni heç vaxt unutmur, unutmayacaq. O cümlə belə idi: "Mənə görə narahat olmayın, Şuşadayam"...


Teqlər:  





Xəbər lenti