REAL riala satıldı

REAL riala satıldı
  27 Yanvar 2017    Oxunub:8943
Yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə müxalifətçi REAL hərəkatının qərargahında olub və təşkilatın rəhbərliyi – icraçı direktor Natiq Cəfərli, İdarə Heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli ilə görüşüb.

İndiyə qədər Qərb dəyərlərinin təbliğatçıları olanların birdən-birə “islamçı” olması xeyli suallar doğurur. Ancaq bu barədə danışmazdan öncə başqa bir məsələyə diqqət yönəltmək istəyirik.

ABŞ-da prezident seçkiləri öncəsi belə fikirlər səslənirdi ki, Donald Tramp seçilərsə, dünya düzəni xeyli dəyişəcək. Sual oluna bilər ki, Trampın president seçilməsilə REAL təmsilçilərinin İranın Azərbaycandakı səfirinin ikinci katibi ilə görüşməsi arasında nə əlaqə? O zaman məsələyə bir qədər geniş rakursdan baxaq və diqqətimizi ABŞ-dakı seçkilərdən öncəki REAL-la sonrakı REAL-a yönəldək. Bu zaman məsələnin mahiyyəti daha aydın şəkildə qarşımıza çıxacaq.

Seçkidən öncə REAL durmadan ABŞ siyasətini təbliğ edir, onun demokratiya carçısı olduğunu bəyan edir, hətta bu quruma toplaşan “iki uzunqulağın arpasını bölə bilməyən iqtisadçılar” ABŞ valyutasının dəyər qazanmasına mədhiyyələr qoşurdular. Seçki günü isə nə təsadüfsə, Hillari Klinton ABŞ səfirliyində keçirilən gizli səsvremədə qalib gəlir. Çünki ora dəvət edilənlərin əksəriyyəti demokratların maliyyəsi hesabına “fırlananlar” idi. Seçkinin nəticələri elan olunan kimi səsləri kəsildi.

ABŞ-ın yeni prezidentinin gəlişilə dövr dəyişir. REAL da yeni reallığa uyğun addımlar atır. Axı dollar daha gəlmirsə, necə olacaq? Budur, sanksiyaların ləğvindən sonra imkanları artmağa başlayan İran sağ olsun. ABŞ dollarını İran rialı ilə əvəzləmək variant varsa, niyə də olmasın?!

Ancaq, məsələnin başqa tərəfləri də var. Əvvəllər İranın nümayəndələri heç vaxt Azərbaycandakı Qərbyönümlü təşkilatlarla əlaqə yaratmayıblar. Onlardan uzaq durmağa çalışıblar. İndiyə kimi İran diplomatları ölkəmizdə müxalifət partiyaların nümayəndələri ilə görüşlər keçirməyib, onların ofislərini ziyarət etməyiblər. Amma yanvarın 19-da İran diplomat qəfildən REAL-ın ofisində peyda olur və “ölkədəki ictimai-siyasi durumu müzakirə edir”. Şübhə yox ki, siyasi əməkdaşlıq da müzakirə edilib. Ancaq, müzakirə edilənin İran-Azərbaycan münasibətləri olduğuna dair ciddi şübhələr var. Məgər iranlı diplomat bilmir ki, REAL adlanan təşkilat ancaq virtual olaraq mövcuddur? Əlbəttə, bilir. O zaman, səbəb nədir?

Haqqin.az saytının yazdığına görə, REAL İran səfirliyi ilə radikal müxalifət arasında vasitəçilik öhdəliyini üzərinə götürüb, səfirlik isə öz növbəsində REAL-a vəd edib ki, onların İran istebleşmentinin nüfuzlu dairələri, xüsusən siyasi və dini təşkilatları ilə münasibətlər yaratmasında körpü olacaq. REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib.

Ən maraqlı məqam isə elə həmin xəbərə görə, REAL-ın İrandan ilk maliyyə yardımını qəbul etməsidir. Ziddiyyətli görünür, lakin REAL-da fikirləşməyiblərmi ki, ABŞ və AB onların İrandan maliyyələşdirilməsini necə qarşılayacaq?

Maraqlıdır, görəsən İranda belə hal baş versəydi, bu ölkənin hökuməti və dini rəhbərliyi necə hərəkət edərdi? Bizim Tehrandakı səfirliyimizin nümayəndəsi cənab Xamneyiyə və Ruhaniyə düşmən olan qüvvələrlə bu cür görüşüb onları maliyyələşdirə bilərdimi? Birmənalı, xeyr.

Bir ölkənin daxili siyasətinə bu cür kobudluqla qarışmaq olmaz. Məhz buna görə də məsələ ilə bağlı Baş prokuror Zakir Qaralovun göstərişi ilə Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırma aparılacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti