Ötən il 749 dini qurum qeydiyyata alınıb

Ötən il 749 dini qurum qeydiyyata alınıb
  27 Yanvar 2017    Oxunub:1763
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyətindən danışıb. O, bildirib ki, Komitə 2016-cı ildə mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması istiqamətində fəaliyyətini ardıcıl davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Komitə sədri bildirib ki, “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər aidiyyəti qurumlar və dini mərkəzlərlə birgə tədbirlər reallaşdırıb.

Daha sonra Komitə sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, 2016-cı ildə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması, dini obyektlərin tikintisi ilə bağlı məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər həyata keçirilib.

Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsi ötən ildə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri ilə bağlı dini durumun nəzarətdə saxlanılması məqsədilə məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirib, eləcə də dini maarifləndirmə istiqamətində silsilə görüş və tədbirlər təşkil edib. Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərə əsasən, əvvəlki illərlə müqayisədə ötən ildə Ramazan və Qurban bayramları namazının fərqli günlərdə icrası halı qeydə alınmayıb, dindarlar QMİ-nin təqviminə uyğun olaraq eyni tarixdə bayram namazlarını qılıblar.

Dövlət Komitəsinin əməkdaşlarının apardıqları müşahidələrə və daxil olmuş məlumatların təhlilinə əsasən, ötən il Aşura mərasimi ümumilikdə sabit keçib, eləcə də əvvəlki illərlə müqayisədə, həm təşkilati, həm də keçirilmə formasında bəzi müsbət dəyişikliklər baş verib. Dövlət Komitəsi tərəfindən 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 749-a çatdırılıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Dövlət Komitəsinin sədr müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitabın nəşr olunduğunu diqqətə çatdırıb.

Gündüz İsmayılov dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək bildirib ki, bu istiqamətdəki işlər ötən il ərzində dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. 2016-cı ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirib. Dövlət Komitəsi ötən il ərzində dini maarifləndirmə istiqamətində QMİ ilə də yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 xüsusi tədbir baş tutub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.

Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi böyük əks-səda doğurub. Sənədli film ictimaiyyətə təqdim olunmaq üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və Azərbaycanın bütün yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Dövlət Komitəsi tərəfindən ötən il dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.

İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib, 40 mağazada monitorinqlər təşkil olunub, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib. 17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti