Elşad Abdullayevin şikayəti ilə saxlanılan şəxsə 4 il iş

Elşad Abdullayevin şikayəti ilə saxlanılan şəxsə 4 il iş
  21 Avqust 2013    Oxunub:1345
Prokuror Arzu Kazımova tələb etdiyi 7 illik cəzanın 4 illə əvəz olunmasını istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə A. Kazımovun vəkili Ramiz Zeynalov çıxış edərək müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Daha sonra dövlət ittihamçısı Ramazan Hadıyev replika hüququndan istifadə edərək çıxış edib, çıxışında Arzu Kazımovun cinayət əməli nəticəsində dəymiş ziyanı ödəməsini və onun şəxsiyyətini nəzər alaraq barəsində Cinayət Məcəlləsinin 62-ci maddənin (sanksiyada nəzərdə tutulandan daha az cəzanın verilməsi) tətbiq edilməsini və ona daha az cəzanın verilməsini məhkəmədən xahiş edib. Beləliklə dövlət ittihamçısı A. Kazımovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Proses avqustun 23-də davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı A. Kazımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini və E. Abdullayevin qardaşı Elsevər Abdullayev barəsində xüsusi qərardad çıxarılmasını və onunla bağlı cinayət təqibi başlanılmasını məhkəmədən xahiş edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.(apa)


Teqlər:  





Xəbər lenti