İrəvana növbəti xəbərdarlıq - Prezidentin çıxışına şərh

İrəvana növbəti xəbərdarlıq - Prezidentin çıxışına şərh
  12 Yanvar 2017    Oxunub:10148
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə önəmli fikirlər səsləndirib. Ali Baş Komandan çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

Aprel döyüşlərindən söz açan prezident bəyan edib ki, dördgünlük müharibə zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirib: “Hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olub. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik”.



Prezident çıxışında bir daha işğalçı Ermənistanın və onun havadarlarının diqqətinə çatdırdı ki, Azərbaycan heç bir halda işğalla barışmayacaq.

Ali Baş Komandanın çıxışlarından göründüyü kimi, sülh danışıqları səmərə verməsə, Azərbaycan istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Prezidentin çıxışı diqqəti yenidən Dağlıq Qarabağ probleminə yönəldirib. 2017-ci ildə münaqişənin həllində hansı yeniliklər gözlənilir?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, hazırda münaqişənin həlli ilə bağlı çox çətin bir dövrə qədəm qoyulub: “Bu dövrün çətinliyi ondan ibarətdir ki, danışıqlar prosesi dayandırılıb və erməni tərəfi danışıqlardan imtina edir. Minsk qrupu işləmir. Nəticə etibarı ilə danışıqlar yalnız gizli diplomatik kanallarla aparılır.

Bu məsələdə müxtəlif versiyalar irəli sürülür. Bunlardan biri ondan ibarətdir ki, Rusiya tərəfləri sülhə məcbur edəcək. Rusiyanın problemin həlli ilə bağlı konseptual baxışı artıq bəllidir. Onlar Dağlıq Qarabağın ya müstəqilliyini, ya da Ermənistana birləşdirilməsinin tərəfdarı kimi çıxış edirlər. Bunu Rusiya Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri və digər rəsmi şəxslər çıxışlarında deyiblər. Bu halda Rusiyanın ədalətli münsif olacağını söyləmək çətindir. Ermənistanı sülhə məcbur etmək məsələsi kifayət qədər qaranlıqdır. Azərbaycan sülh istəyir və onu məcbur etməyə ehtiyac yoxdur. Ermənistanı sülhə məcbur etmək lazımdır. Ancaq, bu zaman ermənini gücləndirmək, ona yeni silah vermək lazım deyil. Əgər sülh uğrunda mübarizə aparırsansa, bölgəni silah anbarına, barıt çəlləyinə çevirməyə ehtiyac yoxdur”.



Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan müharibəyə hazırlaşır: “Bütün bunlara baxmayaraq, Azərbaycan hər ehtimala qarşı müharibə varinatına hazırlaşır. Ordumuz güclənir, yeni silahlar alınır. Bu silahlar Ermənistan üzərində üstünlüyümüzü təmin etmək üçün yetərlidir. Ermənistanda iqtisadi vəziyyət, ordunun durumu günü-gündən pisləşir. Rusiya həmişə Ermənistanı pulsuz silahla təmin edə bilməyəcək. Ümumilikdə isə Azərbaycan həm hərbi, həm də siyasi potensialına görə Ermənistandan üstündür”.

Politoloq hesab edir ki, beynəlxalq güclərin münaqişənin həllinə dair mövqeyi dəyişməkdədir: “Bölgədəki vəziyyət artıq bir çox dövlətlər tərəfindən yaxşı başa düşülür. Eyni zamanda Azərbaycanın İslam ölkələri ilə əlaqələri sürətlə inkişaf edir və müsəlman dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə hər cür yardım etməyə hazır olduqlarını bəyan edirlər. Bir sözlə, xristian və İslam sivilizasiyalarının Dağlıq Qarabağ bölgəsində qarşı-qarşıya gələ biləcəyi ehtimalını vurğulasaq, o zaman dünyanın bu qaynar ocağın söndürülməsinə daha böyük səylər göstərəcəyinə inamımız var. Dağlıq Qarabağ məsələsi ədalətli həll edilməsə, ora müharibə mənbəyi olaraq qalacaq”.

Politoloq bəyan edib ki, Ermənistan rəhbərliyi prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmalıdır.



Hazırda işğal altında olan Şuşa şəhərindən deputat seçilən Elman Məmmədov prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, İlham Əliyev Qarabağ məsələsində heç kimə güzəştə getməyəcək.

“Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan sülhsevər dövlət kimi istəyir ki, bu münaqişə danışıqlar yolu ilə həll edilsin. Ona görə də həmsədr dövlətlərə, beynəlxalq ictimaiyyətə çağırışlar edilir ki, vasitəçilik missiyasını üzərinizə götürmüsünüzsə, münaqişəni həll edin. Üç nəhəg dövlət Ermənistan kimi cırtdan bir ölkəni məcbur edə bilmir ki, işğala son qoysun. Bu, o deməkdir ki, münaqişənin həllinində vasitəçilik missiyasını üzərinə götürənlər 25 ildir onu həll etmək istəmirlər. Ölkə başçısı çıxışında onlara səsləndi ki, münaqişənin həllində vasitəçilik edənlər Ermənistana havadarlıq etməkdən əl çəksinlər.

Ölkə başçısı çıxışında qeyd etdi ki, Azərbaycan müdafiə qüdrətini artırmaqda davam edəcək. Bu, dövlətimizin müstəqilliyinin qorunması və torpaqlarımızı işğaldan azad etmək üçün olduca vacibdir. Eyni zamanda bu düşmənimizə və onun havadarlarına xəbərdarlıqdır ki, istənilən yolla işğala son qoyacağıq. Sadəcə Azərbaycanı təhrik etməsinlər. ƏgərAzərbaycan güc tətbiq edəcək olsa, cırtdan Ermənistan məhv olacaq. Bunu isə Azərbaycan prezidenti bütün yüksək tribunalardan bəyan edib”,-deyə deputat vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti