Mili Şura parçalanmağa başladı

Mili Şura parçalanmağa başladı
  20 Avqust 2013    Oxunub:1169
Avqustun 19-da Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirildi. Mətbuata qapalı keçirilən sessiyada Milli Şuranın layihə kimi hazırlanan memorandumu müzakirəyə təqdim olundu. Memorandumda qeyd olunur ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi sona kimi dəstəklənsin. Əgər Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsi olarsa, qurum üzvü olan potensial namizədlərin prezident seçkilərində iştirak etməsi məqsədəuyğun sayılsın.

Eyni zamanda, layihəyə görə, seçki prosesinə qatılan Milli Şura üzvləri bir sıra öhdəliklər qəbul edirlər. “Yeni Müsavat” qəzeti yazıb ki, müzakirələr qeyri-konstruktiv xarakterdə, saatlarla davam edib. MŞ üzvü olan partiyalar öz aralarında ehtiyat vahid namizədlə bağlı konsensus əldə edə bilməyiblər.

Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinin qalması, ancaq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədlərinin geri çəkməsi təklifi 5 partiya tərəfindən razılıqla qarşılansa da, AXCP təmsilçiləri bu varianta etiraz ediblər.

Sessiya zamanı R. İbrahimbəyov da iclasa qatılıb. “Skayp”la Şura üzvlərinə müraciət edən İbrahimbəyov deyib ki, qurum hansı qərarı qəbul etsə, onu dəstəkləyəcək. Sessiyada çıxış edən sabiq deputat Gültəkin Hacıbəyli təklif edib ki, qurumun prezidentliyə namizədi ya İsa Qəmbər, ya da Əli Kərimli olsin. Təklif MŞ üzvləri tərəfindən qəbul olunmayıb. Uzun sürən müzakirə və mübahisələrdən sonra Müsavat və AXCP-nin mövqelərində yaxınlaşma yaranıb. Bu partiyalar seçkilərə vahid namizədlə yanaşı, Milli Şuranın ehtiyat namizədlərlə qatılmasını məqsədəuyğun sayıblar. Bu dəfə də digər partiya və hərəkatlar onların bu fikrinə qarşı çıxıblar. Professor Cəmil Həsənli isə qurumun ehtiyat vahid namizədi olması ilə bağlı onun namizədliyini irəli sürənlərə təşəkkür edərək, bu təklifdən imtina edib.

Müsavat başqanı İsa Qəmbər jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, sentyabrın 4-ü son gündür: “Çox məhdud da olsa, bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək. Bizim ehtiyat vahid namizədlə bağlı təklifimiz o zaman nəzərə alınmadı. Amma indi zəruri olduğu qəbul edilir. Müsavat Partiyası ehtiyat vahid namizədin seçkidə qələbəsi üçün çalışacaq. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəyi deyə bilmərik. Ancaq 1 ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək. Bunun ardınca isə növbəti 10 gün ərzində imzalar toplanacaq və MSK-ya təqdim ediləcək”. Qəmbər dedi ki, Müsavat Partiyası MŞ-nin vahid namizədini qəbul edib, indi də ehtiyat vahid namizədlə də razılaşır: “Əgər bu da alınmasa, Müsavat ayrıca seçkidə iştirak edəcək”.

Növbəti sessiyanın vaxtı müəyyən olunmayıb.

Başqa bir məlumatda iddia olunur ki, səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və Liberal Partiyası, o cümlədən də EL hərəkatının bəzi üzvləri Milli Şuranı tərk etdiklərini söyləyərək, iclas zalını tərk ediblər. Lakin onların bu jesti sonradan rəsmi bəyanatlarla müşayiət olunmayıb.


Teqlər:  





Xəbər lenti