Səfir niyə öldürüldü? - Operativ şərh

Səfir niyə öldürüldü? - Operativ şərh
  20 Dekabr 2016    Oxunub:4477
"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır".

AzVision.az-ın məlumatına görə, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi: "Səfirə kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini İŞİD deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa, Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: “Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların İŞİD-dən heç bir fərqi yoxdur”. Türkiyənin problemi az idi, biri də əlavə olundu".

Buna baxmayaraq, bu hadisənin təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir edəcəyini düşünmürəm, tam əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara rus səfirin vurulmasına görə, üzərində mənəvi məsuliyyəti hiss edəcək. Başqa sözlə, Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada sərgi salonunda güllələnib. Ağır yaralanan səfir xəstəxanada dünyasını dəyişib.

Rəsmi Moskva səfirin öldürülməsini terror aktı kimi dəyərləndirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti