`Qatil bəlkə də anlamır ki...`

 `Qatil bəlkə də anlamır ki...`
  18 Avqust 2013    Oxunub:810
Millət vəkili də öldürülmüş itdən yazdı...
Bu yazını bir az gec yazdım… Doğrusu internetdə izlədiyim videodan keçirdiyim sarsıntı hələ də tam keçməyib… Gənc bir insan itin başına bağladığı kəndiri əlində tutaraq, digər əlindəki ağacla, elsözü ilə desək, Allahın dilsiz-ağızsız heyvana, amansızcasına zərbələr endirir. İtin zərbələrdən, ağrıdan zingildəməsinə baxmayaraq, o yaramaz, zərbələri davam etdirir, heyvanı can verənə qədər döyür, döyürdü... Baş verənləri, çox şən ovqatda sanki istirahət edir, həzz alırmışcasına (-!?) telefonun kamerasına çəkən digər şəxs isə bu tükürpərdici səhnəni soyuqqanlılıqla şərh edir, itə zərbələr endirən gənclə birlikdə əylənir. İt ölür. Onu öldürən də birincisi, fizki, ikincisi (ikinciləri) mənəvi baxımdan ölür!.. “İkincisi” deyə tərif etdiyimiz bəlkə də anlamır ki, o itlə yanaşı onun insanlığı da öldü, artıq! İt öldürülür… - Qatil bəlkə də anlamır ki, həmin itin ölümü faktı ilə yanaşı özünün də qatilinə çevrildi, əslində…. Həmin səhnəni əylənərək kameraya çəkən digər gənc də eləcə…

Təssüf ki, o günahsız Allah heyvanı ilə bağlı insanlıqlarının da öldüyünü anlaya bilmə-yəcək səviyyədədir bu iki gəncimiz… Çünki əslində onlar öz insanlıqlarını o iti öldürməzdən öncə itirirməyə başlayıblar… yoxsa, belə bir amansız cinayəti törədə bilməzdilər. O gənclər “yaradılanı sev, yaradandan ötəri” fəlsəfəsinin birinci hərfini belə oxumayıb, bir sözünü belə eşitməyib yaxud oxuyub da, eşidib də idrak etməyib, önəm verməyib, bəlkə…

Əziz oxucum, Azərbaycanda itin amansızcasına döyülərək öldürülməsini əks etdirən videogörüntünün sosial şəbəkələrdə geniş yayılması ciddi rezonansa səbəb oldu. – Buna sevindim. – Ən azı fərqli zehniyyətin az olmadığına görə… Çünki hadisə ciddi etirazlara, narazılıqlara səbəb oldu. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu qeyri-insani əməli törədən şəxslərin ağır rcəzalandırılmasını, onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlər də oldu (və yenə var).

Həmin videolardan sonra mənə millət vəkili kimi onlarla müraciət oldu ki, bu olayı çıxaranların layiqli cəzalarını alması istiqamətində bir millət vəkili kimi addımlar atım. Əslində, toplumda heyvanlara, özəlliklə, küçə itlərinə münasibət məni hər zaman rahatsız edib (edir də). Çünki insanın içində qəddarlıq, amansızlıq hissləri varsa, fərqi yoxdur, bu gün onu heyvana qarşı edən… sabah əlinə düşən ilk fürsətdə mütləq insana qarşı da haqsızlıq edəcək. Milli Məclisin son sessiyasında heyvanlarla rəhmsiz rəftara görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzaların sərtləşdirilməsinin əsas tərəfdarlarından biri idim və bu istiqamətdə dəyişikliklərə də ən çox şad olanlardan biri oldum. Məcəlləyə əsasən, Azərbaycanda ev heyvanları ilə rəhmsiz davranaraq, onların şikəstliyinə və tələfatına səbəb olan şəxslər 500 manat cərimə edilir. Eyni zamanda, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsinə, tibbi-texniki üsulların tətbiq edilməsinə görə 200 manat cərimə nəzərdə tutulub. Bundan başqa, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəminin dəyişdirilməsi və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqların kəsilməsi, dırnaq və dişlərin çıxarılması) aparılması da 200 manatlıq cərimə ilə cəzalandırılır. Heyvanların devokalizasiya edilməsi, məsələn, itlərin hürməməsi üçün boğazlarının kəsilməsi də 200 manatlıq cərimə ilə nəticələnir. Nəhayət, ev heyvanlarını saxlayan və ya ona baxan şəxs tərəfindən heyvana müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğının göstərilməməsinə görə 200 manat cərimə müəyyən edilib.

O zaman bir çoxları var idi ki, bu cərimələrin ağır olduğunu söyləyirdi amma indi biz görürük ki, xeyr, əksinə cəzalar xeyli dərəcədə yüngüldür və bu kimi olaylardan sonra, şəxsən mən özüm, onların daha da ağırlaşdırılmasının tərəfdarlarındanam və Milli Məclisin növbəti iclaslarında bu məsələni qaldırmağı düşünürəm.

Ən vacib məsələ isə qəbul olunan qanunları həyata keçirən orqanların üzərinə düşür ki, onların bu məsələyə gərəkən şəkildə diqqət ayırdıqlarını... açıq şəkildə desəm, düşünmürəm... Bu məsələyə diqqət artmalı və günahkarlar layiq olduqları cəzaları almalıdırlar. Bununla yanaşı, ictimai qınağın da artması olduqca vacibdir. Belə hallar ciddi şəkildə qınanmalıdır! Ətrafımızda heyvanlara qarşı hər hansı qeyri-insani münasibətə laqeyd yanaşmamalıyıq. O zaman biz də onu törədənlə eyni günahın və eyni... keyfiyyətsizliyin, səviyyəsizliyin sahibinə çevrilirik, əslində…

***

Mən bu dəhşətli videoya baxdıqca iti amansızlıqla öldürən, bu qəddarlığı “videolaşdıran”, sonra da ineternetə yükləyən gənclərin ailələrini düşündüm. Valideynlərin üzərinə böyük məsuliyyət düşür..! Onlar kiçik yaşlarından uşaqlarına mərhəmət duyğusunu, insanlıq anlayışlarını, heyvanlara qarşı münasibəti öyrətməlidirlər. İtlə belə rəftar edən gənclərin ruh hallarında ciddi problemlərin olduğu açıq görünür. Onların əllərindən düşə biləcək imkanda insana – qocaya, anaya, körpəyə qarşı imansızlıq... insansızlıq etməyəcəyinə kim inana bilər?!. Ümumiyyətlə, ölkəmizdə sahibsiz (onları küçə heyvanları da adlandırırlar bəzən) heyvanlar mərkəzlərinin açılmasına böyük ehtiyac var. Bütün sivil ölkələrdə olduğu kimi… Küçə itlərinin güllələnməsinə son qoyulmalıdır, deyə düşünürəm. Heyvanlara qarşı törədilən bütün xoşagəlməz hallara qarşı cərimələr də əlavə olaraq həmin mərkəzə kömək üçün köçürülməsi çox vacibdir. Hər gün güllələnən, maşınların təkərləri altında qalan heyvanların səsini duymamalıyıq artıq və bu hallara son qoymalıyıq..! Avtomobil idarə edən hər bir insan diqqətli olmalıdır. Avtomobilin təkərləri altında ölən və ya yaralanan heyvanın qanının heç zaman yerdə qalmayacağını düşünün. Bəlkə cərimələrdən qaça bilərsiniz... amma Yaradanın ədalətindən onsuz da heç yerə qaça bilməyəcəksiniz…




Teqlər:  





Xəbər lenti