Prezident və xanımı Zərdabda - Yenilənib (Fotolar)

Prezident və xanımı Zərdabda - Yenilənib (Fotolar)
  02 Dekabr 2016    Oxunub:6070
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoydular.



Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar. Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.



Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.

Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək. Xəstəxananın laboratoriyası analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib.

Xəstəxananın müasir reanimasyon və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Bütün bunlar bir daha göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqurə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti