“Azərbaycan bombalaya bilər”

“Azərbaycan bombalaya bilər”
  31 Yanvar 2013    Oxunub:2236
İşğal olunmuş Dağlıq Qarabağın hava məkanında görünəcək erməni təyyarələrinin vurulması ilə bağlı məsələ getdikcə ciddiləşir.
Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan uçuşların həyata keçirilməsində israrlıdır. Azərbaycan isə bu baş verəcəyi təqdirdə həmin təyyarənin vurulacağında qətidir. Ekspertlər düşünür ki, Bakının bu addımı müharibəyə səbəb ola bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzVision.az hadisələrin gedişi ilə bağlı müsahibə verib.



- Dağlıq Qarabağa uçuşlar həyata keçirilərsə, bu qarşıdurma nə ilə nəticələnə bilər?

- Bilirsiniz ki, Ermənistan bu hava limanını neçə illərdir inşa edib. Son aylarda Ermənistan rəsmiləri, prezidenti Serj Sarkisyan bəyan edib ki, hava limanını açılacaq. Azərbaycan tərəfi də vurğulayıb ki, Xankəndi hava limanı açılsa, Xankəndi aeraportuna təyyarə enməyə çalışsa, həmin təyyarə vurulacaq. Bu, Azərbaycanın suveren haqqıdır. Düşünmürəm ki, ermənilər bu işə özbaşına girişiblər. Onların arxasında Rusiyanın dəstəyi hiss olunur. İki gün öncə Rusiyanın müdafiə naziri Ermənistanda idi. Məncə, hava limanı məsələsi də müzakirə möv zularından biri olub. Əgər Rusiya bölgədə təxribat yaratmaq istəyirsə, onda ermənilərə tapşırıq verəcək ki, hava limanına təyyarə ensin. Onda da Azərbaycanla qarşıdurma başlayacaq. Bu baxımdan güman edirəm ki, fevralın 18-ə qədər, Ermənistanda prezident seçkisi keçirilənə qədər ermənilər belə təxribata əl atmazlar. Çünki seçkiləri pozulacaq. Amma ondan sonra, yəni seçkilərdən sonra nələr baş verə bilər, bunu indidən proqnozlaşdırmaq çətindir. Çünki həqiqətən bu məsələdə vəziyyət getdikcə gərginləşir.

- Bu, müharibənin başlaması üçün qığılcım ola bilərmi?

- Geniş miqyaslı müharibə deməyək. Əgər ora təyyarə enməyə çalışsa, Azərbaycan həmin təyyarəni vursa, xeyli gərginlik yaranacaq. Atəşkəs də pozula bilər, toqquşmalar da ola bilər. Bunun genişmiqyaslı müharibəyə gətirib çıxaracağını söyləmək də çətindir. Çünki indi bölgədə vəziyyət 1990-cı illərdəki kimi deyil. Bölgədə böyük layihələr həyata keçirilir. Azərbaycandan neft və qaz resursları Avropa, dünya bazarlarına daşınır. Böyük dövlətlər dərhal bu müharibənin dayandırılmasını tələb edəcəklər. Amma kiçik miqyaslı toqquşmalar ola bilər.

- Bəs, Ermənistandan Qarabağa mülki təyyarə uçarsa, Azərbaycan hansı addımı ata bilər? Bəllidir ki, istənilən halda mülki təyyarənin vurulması beynəlxalq ictimaiyyət tərəfindən düzgün qəbul olunmayacaq.

- Mülki təyyarəni vurmaq əmri elə də asan olmayacaq. Amma sərhəd pozulacaq. Azərbaycanın razılığı olmadan hansısa təyyarə işğal altındakı torpaqlara enməyə cəhd edəcək. Mülki təyyarənin vurulması Azərbaycana beynəlxalq aləmdə müəyyən problemlər yaşada bilər. Məsələ burasındadır ki, əgər ilk təyyarə Xankəndi limanına buraxılsa, bunun ardı da gələ bilər. Təyyarələrdə tək mülki deyil, silah-sursat da daşına bilər. Bu baxımdan Azərbaycan prementiv addımlar ata bilər. Hətta belə bir variant da var ki, bəlkə də mülki təyyarəni vurmağa ehtiyac olmadı. Azərbaycan daha bir riskli addım atar, həmin hava limanını bombalamaqla zərərsizləşdirə bilər. Yəni buraya təyyarələr enməsin deyə. Bu daha az insan itkisinə gətirib çıxara bilər, nəinki havada mülki təyyarənin vurulması. Məsələnin başqa tərəfi də var. Hansı normal insan bilə-bilə ki, Azərbaycan həmin təyyarəni vuracaq həmin təyyarəyə minər? Sıravi Ermənistan vətəndaşı təbii ki, o təyyarəyə minməyəcək.

- Belə çıxır ki, bu, Ermənistanın növbəti spekulyasiyasıdır?

- Bu, tək spekulyasiya deyil. Düşünürəm ki, Rusiya Ermənistanı bu təxribata çəksə, il ərzində belə bir təxribat ola bilər. Amma mən inanmıram ki, həmin təyyarə sərnişin təyyarəsi olsun. İlkin mərhələdə hərbi təyyarə uça bilər. Hansı ki, orda pilotdan başqa heç kim olmasın. Yəni vurulsa da, böyük itki olmasın.


- Bildiyiniz kimi, Şimali Kiprdə belə bir president mövcuddur. Yunanlar ancaq Türkiyədən Şimali Kiprə təyyarə uçuşuna icazə verirlər. Bu həll variantı Xocalı aeraportuna da tədbiq oluna bilərmi?


- Xeyir, tədbiq oluna bilməz. Çünki Şimali Kiprlə Dağlıq Qarabağ arasında paralellər aparmaq düzgün deyil. Şimali Kiprə ancaq Türkiyə təyyarələri uça bilir. Dağlıq Qarabağa da ancaq Ermənistan təyyarələri uçsa, bunun mənfi nəticələri olacaq. Onsuz da Dağlıq Qarabağa Ermənistandan başqa heç bir ölkənin təyyarəsi uçmaz. Birincisi ona görə ki, Azərbaycan həmin şirkət, həmin ölkə ilə əməkdaşlığı dayandırar. Bu, həmin şirkət üçün böyük itkilər deməkdir. İkinci bir tərəfdən isə başqa ölkələrdən səfərlər təşkil etmək rentabelli deyil. Nə Ermənistan üçün, nə də Qarabağ üçün.

Jalə TOFİQQIZI



Teqlər:  





Xəbər lenti