Mollasız və yuyulmadan basdırılan `Camaat əmiri` - Xaçmazdan XÜSUSİ REPORTAJ+FOTOLAR

Mollasız və yuyulmadan basdırılan `Camaat əmiri` -  Xaçmazdan XÜSUSİ REPORTAJ+FOTOLAR
  28 Noyabr 2016    Oxunub:49318
- Qardaş bura sənin getmək istədiyin Düztahiroba kəndidir! Düşə bilərsən.
- O insanlar yola niyə toplaşıblar?

- Bir dindar qardaş rəhmətə gedib, onu dəfn etməyə aparırlar.


Bura elə mənim axtardığım ünvandır. Yas mərasimində iştirak etmək üçün izdihama tərəf addımlamağa başladım. Bütün yol boyu polis maşınları düzülmüşdülər:



- Siz kimsiniz?Haradan gəlmisiniz?
- Jurnalistəm.
- Niyə gəlmisiniz?
- Reportaj hazırlamaq istəyirəm.
- Təhlükəlidir. Hər şey baş verə bilər. Saqqalılların qəzəbinə tuş gələrsən. Ətraf rayonlarda olan bütün saqqallılar dəfnə gəliblər. Yaxşısı budur ki, onlar qəbirstanlığa gedəndən sonra işini yerinə yetirəsən..




Noyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində fəaliyyət göstərən, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaaatın əmri” kimi tanınan 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunu saxlamaq üçün əməliyyat keçirib. Onun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə etməsi, insanların oğurlanması barədə daxil olmuş məlumat əsasında kompleks əməliyyat-axtarış tədbirləri keçirilib.

Xaçmaz rayonunun Düztahiroba kəndində Ramiq Rəhimovun tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə keçirilən əməliyyat tədbirləri zamanı o, təslim olmaq barədə qanuni tələblərə məhəl qoymayaraq, odlu silahdan atəş açıb, silahlı müqavimət göstərib. Əməliyyat qurupu tərəfindən cavab tədbiri olaraq R.Rəhimov məhv edilib.



...Bu yas mərasimi adət etdiyimiz mərasimlərdən tamamilə fəqlənirdi. Nə çadır qurulmuşdu, nə də molla sədası ucalırdı. Ətrafda uzun saqqalı kişilər, bahalı avtomobillər, çadralı qadınlar və yol boyu düzülən polis maşınları gözə dəyirdi.

- O, özü bu yolu seçmişdi.- Oğlunu dəfn edib gələn Nazir Rəhimov danışır, - Özü seçdiyi yola da qurban getdi. Biz dəfələrlə onu bu yoldan çəkindirməyə çalışdıq. Amma o, bizim sözümüzə baxmadı. Mən hələ 10 il öncədən onunla bütün əlaqələrimi kəsmişəm. Çünki o, bizim sözlərimizə məhəl qoymadı. Mən onu övladlıqdan silmişdim. Bu yola getməmişdən qabaq gözəl bir övlad idi. Görün, indi özünü nə günə qoydu?..



Gözlərində bir damla da yaş olmayan ata valideynlərə məsləhət verməyi də unutmadı:

- Bütün valideynlərə səslənirəm. Övladlarınızı qoruyun. Biz illər öncə ailəlikcə Bakıya köçmüşük. Ramiqə yaxşı təhsil vermişdik. O, gəmiçiliklə bağlı təhsil almışdı. Çox savadlı oğlan idi. Dünyagörüşü də yüksək idi. Xeyli şəhərlərdə olmuşdu. Bakıda yaxşı işi vardı, maaş alırdı. Bir gün onun saqqal saxladığını gördük. İbadət etməyə başaldı. Elə o vaxtdan da Ramiq bizdən, ailəsindən uzaqlaşdı. Atamın yurdu olan Düztahirobaya, köhnə evimizə gəldi. Bizimlə bütün əlaqələrini kəsdi. Bizə yad kimi baxırdı. Guya gəlib burada müstəqil yaşayacaqdı. Sonu da belə oldu. Saqqalı “dostları” heç imkan da vermədilər ki, onu Quran sədasında dəfn edək. Molla da gətirməyə icazə vermədilər. Yas çadırı da qurmadılar. Bu, vəhhabilərin adətidir. Axı harada görünüb belə dəfn mərasimi? Onu özləri aparıb, yuyulmadan qara torpağa atıb, geri qayıtdılar. Budurmu onun qazandığı hörmət? Bizim adətimizi onlar heçə sayırlar. Allah heç bir valideyni belə pis vəziyyətlə üz-üzə qoymasın. Başqalarının övladları bundan dərs çıxarmalıdırlar. Bu yolun sonu yoxdur...



Mərhumun evinin önündə 3 nəfər paltolu kişi söhbət edirdi. Yaxınlaşıb, həmsöhbət olmağa çalışdıq:

- Biz ölənin atası Nazir kişiyə görə Bakıdan bura gəlmişik. Nazir çox yaxşı insandır, yaxşı atadır. Övladlarına gözəl təhsil verib. Onun mərhumdan başqa bir oğlu və iki qızı da var. Onların hamısı ali təhsil alıblar, yaxşı yerlərdə işləyirlər. Ölənin qardaşı çox yaxşı gəncdir. Nazir önu gözəl bir övlad kimi böyüdüb. Onunla fəxr edirik. Nazirin özü də yüksək vəzifələrdə çalışıb. Ramiq isə onların ailəsinə uyğun övlad olmadı. Özü öz həyatını məhv etdi. Biz Ramiqə görə yox, atasına görə buradayıq.



Ata - Nazir Rəhimov isə elə bu vaxt övladlarını, həyat yoldaşını yad bir həyətdən maşına mindirib, Bakıya gedən avtobusların olduğu Xudat avtovağzalına üz tutdu.

“Camaat əmiri”nin tərəfdaşları da qəbirstanlıqdan qayıdan kimi yolboyu düzülüb onları gözləyən bahalı avtomobillərinə minib, ərazini tərk etdilər.



Biz isə çox çətinliklərə, onun bəzi “tərəfdaş”ların etirazlarına baxmayaraq, qəbirstanlığa üz tutduq. Antiterror əməliyyatı zamanı məhv edilən “Camaat əmiri”ni məzarının başında dostları və qonşularının dili ilə daha yaxından tanımağa cəhd etdik:

-Dünən gecə biz yatmamışıq. Səhərə qədər kəndi səs-küy, atışma səsləri bürümüşdü. Ramiq dostları ilə birlikdə silahlı müqavimət göstərirdi. O, evində silah saxlayırmış. Təxminən saat ikidə əməliyyat başladı. Ramiqin dostları da onun evinə toplaşmışdılar. Təslim olmayıblar, atəş açmağa başlayıblar. Bəziləri qaçıb qəbiristanlıqda gizlənmişdilər.



Ramiqi uşaq vaxtlarından tanıyırıq. Məktəb illərində çox yaxşı oğlan idi. Tez-tez Bakıdan kəndə gəlirdi. Uşaqlara Bakıdan danışırdı, arzularından söhbət açırdı. Sakit bir oğlan idi. İllər keçdi. Ramiq kəndə yenidən gəldi. Bu dəfə onun uzun saqqalı vardı. Babasının evində tək qalırdı. O, bir neçə il qabaq ailə həyatı qurmuşdu. Övladları da vardı. Yoldaşı biləndə ki, Ramiq vəhhabidir, ondan boşanıb.

Ətrafında həmişə özü kimi uzun saqqalı dostları olurdu. Onlardan başqa Ramiq heç kəslə söhbət etməzdi. Hətta indi eşitdik ki, onun yanında bir xanım da qalırmış. Bir-iki aydan sonra ata olacaqmış. Heç bilmirik ki, o, kimin qızıdır, toy nə vaxt oldu. Bəlkə də onu zorla gətirib.

Bu tərəflərdə saqqal saxlayanlar artıb. Valideynlər uşaqlarına görə qorxu keçirirlər. Bura Dağıstan ilə sərhəddir. Saqqalılların çoxu oradan gəlir. Biz həmin saqqalının heç birini tanımırıq, əvvələr heç vaxt görməmişik.



...Xudatın mərkəzində bizimlə həmsöhbət olan şəxslər danışdılar ki, bir müddət öncə Xudat Rayonu ərazində radikal dindarlara qarşı antiterror əməliyyatı keçirilib. O zaman Suriya və İraqda döyüşlərdə iştirak etmiş 5 Azərbaycan vətəndaşı tutulub. İŞİD-çilər Heydərov Zaur Naib oğlu, Əzizov Elburus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğludur. Məhkəmənin qərarı ilə həbs olunan şəxslər 2013-2015-ci illərdə Suriya və İraq ərazsində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.



Rayon sakinlərinin sözlərinə görə, bir müddət öncə həbs edilən Vaqif Talıbov Qarabağ uğurunda gedən döyüşlərdə əlil olub: “Ayağının biri protezdir. Buna görə dövlət ona ev, maşın verib. Hamımız onu sakit bir insan kimi tanıyırdıq. İŞİD-ə qoşulmasını bilmirdik. Sən demə o, Suriyaya da gedibmiş. Gül kimi balaları var. Allah onları qorusun”.



Xudat əhalisinin dediyinə görə, orada gənclər işləmək üçün qonşu Dağıstana üz tuturlar. Belə görünür ki, qayıdanda təkcə pul yox, ideologiya da gətirirlər...

Rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri isə bildirdilər ki, hər şey nəzarət altındadır: “Narahatçılığa heç bir əsas yoxdur. Dövlətimiz var olsun, hər şey nəzarətdədir”.























Hafiz Əhmədov
Fotolar müəllifindir

AzVision.az


Teqlər:  





Xəbər lenti