Cəmil Həsənli Xədicəni yalançı çıxardı - Qalmaqal

Cəmil Həsənli Xədicəni yalançı çıxardı - Qalmaqal
  24 Noyabr 2016    Oxunub:8686
Radikal müxalifətçilər arasında “siyasi məhbus” qalmaqalı səngimək bilmir. Vaxtilə birlikdə “mühacir biznesi”nə girişənlər “siyasi məhbus” siyahısı hazırlamaq uğrunda qatı düşmənə çevriliblər.
Məlumat üçün bildirək ki, ölkə.az-ın yaydığı xəbərə görə, jurnalist Xədicə İsmayıl Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində keçirdiyi gizli görüşdə xarici “diplomatlara” “Sülh və Demokratiya İnstitutu”nun sədri Leyla Yunus, AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılı, həmçinin “REAL” və digər siyasi təşkilatlarla bağlı şikayət edib.

X.İsmayıl bildirib ki, sadaladığı həmin şəxslərə və təşkilatlara qrant vəsaiti ayrılması məqsədə uyğun deyil. Daha sonra X.İsmayıl onların hökumətə işlədiyini bildirib: “Bu adamlar və təşkilatlar hökumətə yaxındır, hökumətdən maliyyələşir.

Misal üçün, Arif Hacılı, Əli Kərimli, Qubad İbadoğlu hökumətlə gizli əməkdaşlıq edir. Digər tərəfdən isə bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama “siyasi məhbus” adı verir, hökumətin siyasətinə “don” geyindirir və sairə. Faktiki olaraq, Leyla Yunus, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər “mühacir biznesi” ilə məşğuldur. Onların tərtib etdiyi “siyasi məhbus” siyahısı saxtadır. Mən həmin siyahı ilə tanış olmuşam. O siyahıda ən azı 40 nəfərin adı müəmmalıdır. Bu siyahını əsasən Leyla Yunus hazırlayır. Ona görə siyahıda daha çox dindarlar üstünlük təşkil edir. Baxmayaraq ki, seçim sizindir, ancaq bu adamlara qrant vəsaiti ayrılması sizin üçün də faydalı olmaz”.

Milli Şura sədri Cəmil Həsənli AzVision.az-a açıqlamasında bildirib ki, Xədicə İsmayılın dedikləri həqiqətə uyğun deyil.

Müsavatçılar isə məsələyə münasibət bildirmək istəməyəblər. Partiya başqanı Arif Hacılı əvvəlcə açıqlama verməyə hazır olduğunu desə də, Xədicə İsmayılın adını eşidəndən sonra “toplantıda” olduğunu, danışa bilmədiyini deyib.

Partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı sanatoriyada dincəldiyini və hazırda seansda olduğunu bildirib.
Müsavat başqanın müavini Elman Fəttah xəstəxanada olduğunu əsas gətirərək mövzudan yayınıb.

Görünən budur ki, Müsavat susaraq ittihamları qəbul edir yaxud da X.İsmayılla üz-üzə gəlməkdən çəkinir.

Xatırladaq ki, bundan öncə radikal müxalifət təmsilçilərinin “mühacir biznesi” ilə məşğul olduğunu sübut edən sənədlər mediada yayılmışdı.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti