Jirinovski Qarabağdan danışdı: `Tramp öz töhfəsini verəcək`

Jirinovski Qarabağdan danışdı: `Tramp öz töhfəsini verəcək`
  22 Noyabr 2016    Oxunub:5021
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin fikrincə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəallaşması mümkündür.

Bunu V.Jirinovski “Moskva-Baku” portalına bildirib.

O vurğulayıb: “Dağlıq Qarabağ kimi münaqişələri həll etmək çox çətindir. Azərbaycan və Ermənistan xalqları arasında bir neçə onillik ərzində düşmənçilik münasibəti kök salıb”.

RLDP sədri əmin deyil ki, D.Tramp Cənubi Qafqaz məsələlərinə müdaxilə edəcək, çünki ABŞ Yaxın Şərq problemlərindən heç cür qurtula bilmir. V.Jirinovski deyib: “ABŞ-ın onsuz da kifayət qədər problemləri var. O cümlədən bu gün ərazisində böyük miqdarda qaçqın olan Avropanın. Buna baxmayaraq, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək. Belə olarsa, ümid edək ki, onun töhfəsi həlli uzanmış münaqişənin nizamlanmasında müsbət nəticələr verəcək”.

D.Trampın Azərbaycan, Türkiyə və İranla bağlı yürüdəcəyi siyasətə gəlincə, Vladimir Jirinovski hesab edir ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Suriya və İraqın daxil ola biləcəyi “Şərq ittifaqı” deyilən qurumun yaradılması ABŞ və bu ölkələr arasında dialoqa kömək edərdi.

Rusiyalı siyasətçi deyib: “Rusiya, Azərbaycan, İran və Türkiyə arasındakı əlaqələrin möhkəmləndirilməsini davam etmək lazımdır. Biz artıq yeni ittifaqın – Rusiyanın Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycan, İran, Türkiyə, Suriya və İraq ilə ittifaqını yaratmağı təklif etmişik. Moskvadan Bağdada, Bakıdan keçməklə Moskvadan Dəməşqə, Tehran və Ankaraya şaquli xətlərlə hamımız qonşuyuq. Biz əməkdaşlığımızı gücləndirməyə çalışmalıyıq ki, kimdəsə hər hansı ölkəni “cəzalandırmaq”, blokada təşkil etmək, bu ölkələri hansısa siyahılara daxil etmək, onlara qarşı sanksiyalar tətbiq etmək arzusu yaranmasın. Əlaqələrimiz nə qədər güclü və hərtərəfli olarsa, “Şərq ittifaqı”nı da daha tez yaradarıq. Bu, ittifaqa daxil olan ölkələr üçün daha yaxşı olar, çünki bizim bir sıra eyni problemlərimiz var. Məkrli Qərb heç vaxt həqiqi tərəfdaşımız olmayıb, həmişə adları çəkilmiş ölkələri çətin vəziyyətə salmağa cəhd edib”.

RLDP liderinin fikrincə, D.Trampın prezidentliyi dövründə ABŞ və Türkiyə arasında münasibətlər normallaşmalı, tərəflər razılığa gəlməlidirlər. V.Jirinovski deyib: “Barak Obama dövründə ABŞ-Türkiyə münasibətləri pisləşib. Zənnimcə, D.Trampın hakimiyyəti dövründə bu, olmamalıdır. Məncə, Trampın prezidentliyi dövründə ABŞ, Rusiya və Türkiyə Suriyada və İraqda terror təşkilatlarının darmadağın edilməsi barədə razılığa gəlməlidir. O zaman Türkiyə və ABŞ arasında gərginlik bütünlüklə aradan qalxacaq. Yeganə narahatlıq D.Trampın İranla bağlı nüvə sazişinin yenidən baxılması ehtimalını açıqlamasıdır. Ümid edək ki, ABŞ-ın yeni Prezidentinin müşavirləri və məsləhətçiləri ona İranın uzun illər məruz qaldığı blokada tədbirlərinə əl atmaq kimi köhnə təcrübəyə qayıtmağı tövsiyə etməyəcəklər”.

V.Jirinovski fikrini belə tamamlayıb: “Ümumiyyətlə, D.Trampın hakimiyyətə gəlişi ilə xarici siyasətdə Barak Obamadan miras qalmış bir çox problemlərin həlli üçün yalnız yaxşı perspektivlər görürəm”. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti