Media rəhbərlərindən `Feysbuk düzəlişi`nə münasibət

Media rəhbərlərindən `Feysbuk düzəlişi`nə münasibət
  19 Noyabr 2016    Oxunub:5555
Xəbər verdiyimiz kimi, Baş prokuror Zakir Qaralov təşəbbüs hüququndan istifadə edərək Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə yeni bir qanun layihəsi göndərib.

Qanun layihəsinə görə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən sosial şəbəkələrdə saxta profil və adlar vasitəsilə şəxslərə böhtan atanlar, təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

AzVision.az qanuna ediləcək sözü gedən əlavə ilə bağlı sosial şəbəkələrdən aktiv istifadə edən mətbuat nümayəndələrindən münasibət öyrənib.



"APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, Baş prokuror tərəfindən təqdim edilən dəyişiklik hazırda mövcud olan qanunvericiliyə zidd deyil. Onun sözlərinə görə, sosial şəbəkələrdə heç kimi təhqir etmək olmaz.

“KİV haqqında qanunda nəzərdə tutulur ki, media vasitəsi ilə təhqir və böhtan cinayət məsuliyyəti yaradır. Bu, Cinayət Məcəlləsində də qeyd olunub. Heç kimi doğru və ya saxta profillə təhqir etmək olmaz. Mən hesab edirəm ki, indiki halda təqdim olunan əlavə mövcud qanunvericilikdə olan maddənin daha da dəqiqləşməsinə xidmət edir”.

V.Mahirqızı bir neçə il öncə Fransada yaşanan olayı xatırladıb: “Bir neçə il öncə Fransada Qərb mediasının geniş müzakirəsinə səbəb olan hadisə baş vermişdi. “Facebook” səhifəsində iki nəfər fransız polisini təhqir etmişdi. Fransa Daxili İşlər Nazirliyinin təqdimatı əsasında həmin şəxslərə cinayət işi açılıb, həbs cəzası verildi. Məsələ uzun müddət Qərb mediasında müzakirə olundu.

Hesab edirəm ki, sosial şəbəkələr bizim virtual cəmiyyətimizdir, insanlar orada məsuliyyət daşımalıdırlar. Başa düşməlidirlər ki, onların qarşısında yalnız kompüterin monitoru deyil. Cəmiyyət, həyat monitordan o tərəfdə başlayır. Cinayət Məcəlləsinə olunan dəyişikliklə yanaşı ciddi mariflənmə işinə də ehtiyac var. Ancaq mənim üçün açıq qalan suallar var: Profillər necə müəyyənləşdiriləcək? Bununla bağlı xüsusi təqdimat əsasındamı, yoxsa prokurorluq orqanlarının özlərinin şahidi olduğu hallar əsasında cinayət işi qaldırılacaq?”.



“Haqqın.az” və “Virtualaz.org” saytlarının baş redaktoru Eynulla Fətulayev səbirsizliklə bu dəyişikliyin qəbul olunmasını gözlədiyini deyib.

“Prokurorluğa ilk müraciət edən şəxslərin biri mən olacağam. Sosial şəbəkələrdə xaos hökm sürür və ora açıq təhqir meydanıdır. Çox zaman məni saxta profillərlə deyil, açıq profillərdən təhqir edirlər. Bunlar əsasən qaraguruhçu AXCP-Müsavat cütlüyünün təmsilçiləridir. Dəyişikliyi düzgün addım hesab edirəm”.



“Publika.az” və “Teleqraf.com” saytlarının rəhbəri Aynur Camalqızı dəyişikliyi müsbət qiymətləndirir.

“Hesab edirəm ki, sosial şəbəkələrdə saxta ad və profillərlə insanların əsəbləri ilə oynayan, şərəf və ləyaqətlərini alçaldan statuslarla çıxışlar edən şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

İnternet, informasiya sahəsində nizam-intizam yaratmağa ciddi ehtiyac var. Dəyişikliyin deputatlarımız tərəfindən qəbul olunması və müsbət rəy verilməsi, qanunvericliyimizdə təsdiqini tapması Azərbayacanda insanlara məhz həyatını asanlaşdırmağa xidmət edəcək. 148-1 maddəsi Azərbayacanın bütün vətəndaşlarına şamil olunur.

Cinayət Məcəlləsində daha bir maddə var ki, Azərbaycan Republikasının prezidentinə şamil olunub. Dövlət başçısı sosial şəbəkələrdə, internet informasiya rersursları ehtiyatarında təhqir olunarsa, şərəf və ləyaqəti alçaldırlarsa buna görə cinayət məsuliyyəti daşıyacaqlar.

Deputat Qüdrət Həsənquliyev çox maraqlı təkliflə çıxış edib. O bildirib ki, bu maddə prezindetin ailə üzvülərinə, ölkənin birinci xanımına da şamil olunmalıdır. Birinci xanım özü bir statusdur. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, sosial yönümlü layihələrin təşəbbüskarı və icraçısıdır, böyük nüfuza malikdir. Prezidentin şərəf və ləyaqətinin qorunması nə qədər önəmlidirsə, eyni ilə bunu prezidentin ailə üzvlərinə, xüsusən birinci xanıma aid etmək də o qədər əhəmiyyətlidir. Bu təklif qanun layihəsində özünə yer tutarsa, çox müsbət hal olar. Dünyada belə ir təcrübə var. İstənilən demokratik ölkənin rəsmi şəxslərini, prezidentini, birinci xanımını təhqir edən şəxslər mütləq cəzalandırılır”.



Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev hesab edir ki, dezinformasiya xarakterli xəbərlər əsasən saxta profillər vasitəsilə yayılır. Onun sözlərinə görə, sosial şəbəkələrdəki fəaliyyətinə görə, cinayət işi qaldırmaq üçün obyektiv və subyektiv tərəf olmalıdır.

“Cinayət işi qaldırmaq elə də asan məsələ deyil. Deputat Çingiz Qənizadə bu məsələ ilə bağlı məlumat yaydı. İlk növbədə, bunun məramını, məqsədini aydınlaşdırıb, sonra onlar barəsində cinayət işindən söhbət gedə bilər. Fikir əslində normaldır. Son zamanlar terror təşkilatlarına cəlb etmələr bəzən sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Bu gün internet elə bir aktiv məkandır ki, orada bütün məsələlərə diqqət yetirilir. Dövlətçiliyə, hər hansı bir vətəndaşa əgər sosial şəbəkələrdə saxta profillərlə təhdidlər olursa, bunun qarşısı dərhal alınmalıdır. Bu baxımdan hesab edirəm ki, dəyişikliyin olması zərurətdir.

Düşünürəm ki, bunu hüquq-mühafizə və təhlükəsizlik orqanlarının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən istifadə edərək həll etmək olar. Bu, adi bir vətəndaşın işi deyil ki, saxta profili üzə çıxarsın. Ümumiyyətlə, bu, çox çətin məsələdir. Həm texniki, həm də hüquqi tərəfini fikirləşmək lazımdır. Hazırda məhkəmənin qərarı ilə hansısa cinayət etmiş şəxsin profilini izləmək mümkündür. Bir faktı unutmaq olmaz ki, son illər dini qruplaşmalara cəlb olunmalar ən çox sosial şəbəkələr üzərindən aparılır. Burada yazışmalar çox asanlıqla həyata keçirilir. Onları axtarıb tapmaq kimi planlar sonda hansı bir strukturun yaradılması ilə nəticələnə bilər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti