`Şakira dedi ki, bu, erməni bayrağı deyil` - Əhəd Abıyev

`Şakira dedi ki, bu, erməni bayrağı deyil` - Əhəd Abıyev
  11 Noyabr 2016    Oxunub:23332
Daşkəsənin icra başçısı Əhəd Abıyev son günlər sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bayraq Günü münasibətilə keçirilən mərasimdə icra başısı Ermənistan bayrağının formasında hazırlanan şiferi yumruqla sındırıb. Bayrağın tərs tutulması müzakirələri daha da qızışdırıb. İddia edilib ki, Əhəd Abıyev Ermənistanın bayrağını yox, Kolumbiyanın bayrağını sındırıb. Hətta məsələ o qədər böyüyüb ki, Kolumbiya mətbuatı da Əhəd Abıyevdən yazıb.
İcra başçısı adının Kolumbiya mətbuatında hallanmasına münasibət bildirib. Ə.Abıyev AzVision.az-a açıqlamasında Kolumbiyanın Azərbaycana dost ölkə olduğunu deyib. Bildirib ki, Kolumbiya onun sevimli ölkələrindəndir.

“Kolumbiyaya Azərbaycanı dəstəkləyən ölkə kimi böyük hörmətim, xüsusi sevgim var. Bu məsələni erməni əsilli saytlarda çalışan və anaları erməni olan jurnalistlər şişirdib. Halbuki, Kolumbiyanın bayrağından söhbət gedə bilməz. Mən erməni bayrağını sındırmışam, düz də etmişəm. Tutaq ki, mən şiferi sındırmasaydım, əsgər sındırsaydı, nə fərqi olacaqdı?”.

Əhəd Abıyev daha sonra dünya ulduzu Şakiranın ermənilərlə bağlı fikirlərini xatırladıb: “Kolumbiyanın bayrağı 1898-ci ildə, erməni bayarğı isə 1990-ci ildə yaranıb. Erməni bayrağı yarananda kolumbiyalılar etiraz etdilər ki, bizim bayrağımız oğurlanıb.

Müğənni Şakira Moskovada konsert verəndə, ermənilər ayağa qalxıb, onu alqışladılar. Ermənilər Şakiraya təşəkkür etdilər ki, guya o, erməni bayrağı altında oxuyub. Şakira da ermənilərə cavab vermişdi ki, bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır.

Erməni bayrağını düz tutmaq doğru deyil. Karikaturalarda Sarkisyanın başına eşşək başı qoyurdular. Heç bunu şişirtmirdilər. Ermənilər də bizim bayrağımızı yandırır, təhqir edirdi. Bundan niyə yazmırdılar? Bayrağı sındırmışam, yaxşı eləmişəm”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti