`Partiya sədrləri Milli Şurada saman altdan su yeridirlər` -MÜSAHİBƏ

`Partiya sədrləri  Milli Şurada saman altdan su yeridirlər` -MÜSAHİBƏ
  15 Avqust 2013    Oxunub:1300
Azərbayan Liberal Demokrat Partiyası sədri Fuad Əliyev Yeni Müsavat qəzetinə müsahibə verib. AzVision.az müsahibədən bəzi hissələri təqdim edir.
- Fuad bəy, prezident seçkilərinə az müddət qalır, amma həm müxalifət düşərgəsində gərginlikdir. Səbəb nədir?

-Bütün dövlətlərdə hər seçki öncəsi belə bir hal baş verir. Bizdə də eyni. Müxalifət düşərgəsində ona görə gərginlikdir ki, bu dəfə də hədəfimizi düz seçmədik. Bu dəfə də seçkilərə pərakəndə şəkildə getməyə məcbur olduq. Hərəkatları, birlikləri bir-birinə qurban verdik. Demokratik Cəmiyyət Uğrunda Hərəkat yaratdıq, onu Məşvərət Məclisi ilə əvəzlədik. “EL” yarandı, İctimai Palata formalaşdı, Milli Şura yaradıldı, Məşvərət Məclisi dağıldı, oldu Demokratik Qüvvələr Birliyi... Hələ mən üzdə olanları deyirəm. Bir sıra müxalifət partiyaları var ki, onlar da öz aralarında birliklər yaradıblar. Bax, bu gərginliklə biz seçkilərə gedirik. Hələ də “Bu seçkilərdə müxalifət namizədi qələbə çala biləcəkmi” sualına cavab axtarırıq. Müxalif rəqiblər arasında rəqabət gedir, bəzən söz davası, təhqirlər və s.

- Müxalifətin bu seçkidə öz istəyinə nail ola biləcəyini düşünürsüzmü?

- Belə gedərsə yox. Azərbaycan müxalifətinin birləşmək arzusu, istəyi yoxdur. Birlik olmayan yerdən nə uğur gözləmək olar? İndi müxalifətin aparıcı qüvvəsi Milli Şura hesab olunur. Yəni orada daha çox partiya təmsil olunub. Bu gün Bakının istənilən yerində onlara mitinq üçün yer versələr heç 10 min adam çıxara bilməyəcəklər. Çünki hələ də sözdə birlik var, əməldə yoxdur.

- DQMM öz fəaliyyətini dayandırıb və quruma daxil olan bəzi partiyalar Demokratik Qüvvələr Birliyini yaradıblar. Amma siz burada təmsil olunmursuz. Nədən?

- Mən hesab etmirəm ki, DQMM öz fəaliyyətini dayandırıb. Burda qalan partiyaların qərarından asılıdır. Bu məşvərət xarakterli bir qurumdur və heç kim deyə bilməz ki, mən çıxıram, ona qörə bu qurum fəaliyyətini dayandırır. İkincisi, bu partiyalar Milli Şuraya daxil oldular və qurumun vahid namizədinə səs verdilər. İndi də bəyan edilrər ki, biz seçki ilə bağlı yeni birlik yaradırıq. Hesab edirəm ki, bu məntiqsiz bir addımdır. Hər halda onlara uğurlar arzulayıram. Amma onu da deyim ki, tez-tez mövqeyini dəyişən partiya sədrlərini qəbul etmirəm. Məşvərət Məclisində saman altından su yeridən partiya sədrləri də az deyildi. İndi onlar Milli Şurada da eyni missiyanı yerinə yetirirlər. Məşvərət Məclisində onların hansı dinə, məzhəbə, əqidəyə qulluq etdiklərinin şahidi olmuşam. Amma ümumu işimizin, fəaliyyətimizin xətrinə susmuşam ki, bəlkə reallıqdan nəticə çıxaralar. Demokratik Cəmiyyət Uğrunda Hərakatı xatırlayırsızmı, orada da belə vəziyyət yaranmışdı.


- Fuad bəy, Sizin fikrinizcə, Milli Şura ikinci namizəd axtarışını sürətlənməlidir?

- Əlbəttə. Mənə elə gəlir ki, avqustun 18-ni gözləmək lazım gələcək. İbrahimbəyovun problemləri həll olunmazsa, Milli Şura təcili toplanmalı və öz namizədini yenidən seçməlidir. Amma bu asanlıqla reallaşmayacaq. Milli Şurada İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli və başqaları kimi iddialılar da ola bilər. Düşünürəm ki, İsa Qəmbər Milli Şuranın vahid namizədi olmasını arzulamır. O namizədliyini Müsavat Partiyasından verə bilər. Divanın bununla bağlı qərarı hələ qüvvədədir. İkincisi də, əgər o Milli Şuranın vahid namizədi olarsa belə seçkilərdə oradakı qüvvələr tərəfindən dəstəklənməyəcək. Bunu digər iddialılara da şamil etmək olar. Elə bilirsiniz ki, Milli Şurada İbrahimbəyovdan başqa prezidentliyə iddialı olan adını çəkdiyim şəxslərin bir-birinə səmimi münasibətləri var? Bu da onu deməyə əsas verir ki, əgər İbrahimbəyovun problemləri həll olunmazsa, onda alternativ namizəd axtarışı Milli Şuranı parçalanmaya məruz qoyacaq. Nəticədə orada təmsil olan partiyalar ya ayrı-ayrılıqda öz namizədliklərini verəcəklər, ya da bir neçəsi birləşib aralarından namizəd seçəcəklər.

- Bəs siz özünüz seçkilərə necə hazırlaşırsız, sizi dəstəkləyən qüvvələr varmı?

- Bəli, prezident seçkilərində ALDP tərəfindən mənim namizədliyim irəli sürülüb. Bilirsiniz ki, 2008-ci il prezident seçkilərində mən prezidentliyə namizəd idim. Bundan başqa 2003-cü ildə də bu prosesdə fəal iştirak etmişik. Yəni prezident seçkilərində müəyyən təcrübə qazanmışıq. Amma açığı, 2008-ci il seçkilərində təkbaşına iştirak etdik. Bu dəfə isə bizi dəstəkləyən bir neçə partiya var ki, hələ onlarla danışıqlar aparırıq. Müəyyən məsələlərdə razılıq əldə etdikdən sonra bu barədə ictimaiyyətə açıqlama verəcəyik. Bir də onu deyim ki, 2003-cü il seçkilərində bizim partiya AMİP lideri Etibar Məmmədovun namizədliyini dəstəklədi. Bu dəfə isə hələ onlar namizədlərini müəyyənləşdirmədiklərindən ALDP-nin namizədini dəstəkləyə bilərlər. AMİP-in ALDP-yə borcunu ödəməsinin vaxtıdır.




Teqlər:  





Xəbər lenti