Azərbaycana kimlər təzyiq göstərir? - Prezidentin çıxışına şərh

Azərbaycana kimlər təzyiq göstərir? - Prezidentin çıxışına şərh
  08 Oktyabr 2016    Oxunub:5411
“Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşıblar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayındayıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın”

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Ölkə başçısı bildirib ki. biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır: “Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq”.



Prezident çıxışı zamanı İlham Əliyev ABŞ-da səslənən son bəyanatla bağlı mövqeyini ifadə edib: “Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin”.



Ölkə başçısının çıxışını şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bəzi dövlətlər Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını və Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistana birləşdirilməsini istəyir. Politoloq bu məsələdə Rusiyanın mövqeyini xüsusilə vurğulayıb. Hesab edir ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində Qarabağ ətrafı rayonların qaytarılacağını vəd edir: “Rusiya bu təklifi belə əsaslandırır ki, guya Dağlıq Qarabağ tarixən erməni torpaqları olub. Əslində görünən odur ki, Rusiya uzun müddətdir ki, ermənilərin himayəçisinə çevrilib. ABŞ da Dağlıq Qarabağ probleminin həll edilməsində ikili yanaşma sərgiləyir. Amerika Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmək prinsiplərinin birgə həyata keçirilməsini təklif edir. Öz müqəddəratını təyin etmək prinsipini ərazi bütövlüyü ilə yanaşı qoymaq nə deməkdir? Bunu bütün dünya bilir və ölkə rəhbəri çıxışı zamanı mesaj verdi ki, bəzi dövlətlər bu məsələdə ikili mövqe tutur və Azərbaycana qarşı təzyiqlər edirlər”.

Q.Hüseynli hesab edir ki, Qarabağ məsələsində ölkəmizə təzyiqlər ABŞ və Rusiya tərəfindən edilə bilər. Buna baxmayaraq politoloq düşünür ki, Azərbaycan diplomatiyasının fəaliyyəti nəticəsində son illərdə Qarabağ münaqişəsinin dünyaya çatdırılmasında kifayət qədər uğurlu addımlar atılıb: “Dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bununla yanaşı Dağlıq Qarabağ məsələsində ABŞ və Rusiyanın maraqlarının toqquşduğunu görürük. Son proseslər bunu deməyə əsas verir. Bu danılmazdır ki, Rusiya Ermənistanı birmənalı şəkildə müdafiə edir və dəstəkləyir. Ermənistanla birgə hava hücumundan müdafiə sistemlərinin yaradılması da Rusiyanın dəstəyindən irəli gəlir. Rəsmi Bakı anlayır ki, bütün bunlar regionda konstruktiv sülh yaratmaq prosesinə böyük əngəldir. Nəticədə arxasında öz qəyyumunu görən Ermənistan danışıqlar prosesini pozur və qeyri-konstruktiv mövqe sərgiləyir. Rusiyanın bölgədəki destruktiv fəaliyyəti Ermənistanı ruhlandırır və sülhyaratma prosesinə mane olur”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana uzun zamandır təzyiqlər edilir. Onun sözlərinə görə, təzyiqlərə rəğmən Azərbaycan tərəfi Qarabağ danışıqlarında hər zaman etik davranış qaydalarına riayət edib.

“Azərbaycan tərəfi diplomatik danışıqların etik və davranış qaydalarına riayət edərib. Danışıqlar masasında elə məqamlar var ki, bunları ictimaiyyətə açıqlamaq olmur. Ötən gün dövlət başçısı çıxışında bütün reallıqları açıq şəkildə ifadə etdi. Prezident Ermənistanın himayədarlarını, onlara dəstək verən, ölkəmizə təzyiq göstərən gücləri ifşa etdi.

Diqqət edin, ABŞ-ın dövlət katibi deyir ki, Ermənistan və Azərbaycan sülhə hazır deyil. Con Kerri çıxışı ilə bizi Ermənistanla eyniləşdirir. Onlar hesab edirlər ki, Ermənistan qətnamələri yerinə yetirməli deyil. Bundan əlavə Rusiya Ermənistana “İskəndər-M” raket kompleksləri verir. Bu, özlüyündə Ermənistanı gücləndirmək və onun nazı ilə oynamaqdır. Belə məqamda ABŞ və Rusiyadan ədalətli mövqe gözləmək olmaz. Azərbaycan artıq dostunu da, düşmənini də yaxşı tanıyır. Heç kimə sirr deyil ki, ABŞ, Rusiya, Fransa kimi ölkələr açıq şəkildə Ermənistana dəstək nümayiş etdirir. Təbii ki, bu, qərəzli və ikili yanaşmadır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti