`Azərbaycanlılar Saakaşvilini dəstəkləyir` - Deputat

`Azərbaycanlılar Saakaşvilini dəstəkləyir` - Deputat
  08 Oktyabr 2016    Oxunub:2507
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Ekspertlər sabiq prezident Mixail Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərakat Partiyasının şanslarını yüksək qiymətləndirir. Hesab edirlər ki, parlament seçkiləri Saakaşvilinin qələbəsi ilə yekunlaşacaq.
Gürcüstanın Vahid Milli Hərakat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a bildirib ki, xalq Saakaşvilinin ölkəyə qayıtmasını istəyir.

“Gürcü xalqı və Gürcüstanda yaşayan millətlər Saakaşvilinin ölkəyə qayıtmasını istəyir. Geridə qalan 4 ildə “Gürcü arzusu” partiyası heç nə etmədi. Gürcüstan üçün heç bir iş görülməyib. Onlar demək olar ki, Gürcüstanı 90-cı ilə qaytardılar. Cinayət hadisələrinin sayında artım var. Milli valyutanın ucuzlaşması baxımından insanların sıxıntısı artıb. Həmçinin bahalaşma baş verib. Bu hökumət Gürcüstan xalqı tərəfindən “qırmızı kart” alacaq. Saakaşvilinin işgüzarlığını hər bir seçici görüb. O, 2003-cü ildən 2012-ci ilə qədər böyük işlər görüb. 2012-ci ildə Gürcüstanı dünya sırasına çıxardı. İqtisadiyyat inkişaf etdi, kriminal hadisələr xeyli azaldı. Bununla da Gürcüstan Avropa dövləti oldu. Ölkədə korrupsiya aradan qaldırıldı”.

A.Süleymanov seçk prosesinin çətin keçdiyini xatırladıb: “Gürcüstanda 4 ay əvvəl başlayan seçki prosesi çox çətin keçib. Müxalifət partiyalarına basqılar olub. Bizim partiyanın əsas funksioneri Givi Tarqamadzenin avtomobili partladıldı. Xoşbəxtlikdən ona şey olmadı.
Demək olar ki, hər bir məntəqədə basqılar var. Biz bilirik ki, seçki azaddır və hər kəs istədiyi şəxsə səsini verəcək. Dövlətin müxalifət partiyalarına təzyiqlərinə baxmayaraq, hər bir seçici rahat səsin verəcək. Hər bir seçicinin səsini qorumağa hazırıq”.

Deputat hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlılar seçkidə Saakaşvilinin partiytasını dəstəkləyir: “Gürcüstan tarixində bu qədər azərbaycanlını müxalifətdə görməmişdim. Ən çox həmyerlimiz Vahid Milli Hərakat Partiyasında təmsil olunur. Digər partiyalarda olan soydaşlarımız var. Dövlət tərəfindən təzyiqlər olmazsa, saxtalaşdırma halları baş verməsə, Saakaşvili oktyabrın 9-10-da Gürcüstanda olmalıdır. Azərbaycanlılar Saakaşvilini dəstəkləyir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti