`ASAN həyat` vətəndaşların xidmətində

`ASAN həyat` vətəndaşların xidmətində
  29 Sentyabr 2016    Oxunub:2245
Masallıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksi vətəndaşlara xidmət göstərməyə başlayıb.
Kompleksin tikintisinə 2015-ci ilin mayında başlanılıb, bu il sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksə “ASAN xidmət” mərkəzi, kinoteatr, incəsənət məktəbi, kafe, ödənişlər üçün mərkəz, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN intellektual” gənclər mərkəzi daxildir. Bununla yanaşı, əlavə 3 texniki yardımçı bina da tikilib.

Komplekslə tanışlıq zamanı Agentliyin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov bildirib ki, burada 2,2 hektar ərazidə park, fontan və oturacaqlar, avtomobil və avtobus dayanacaqları yaradılıb. Kompleksin kənarından keçən çayda kiçik adada helikopter meydançası və vətəndaşların istirahəti üçün park salınıb. Masallı “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s.) təşkil edilib. Mərkəzdə 170 əməkdaş, 80 könüllü çalışır.

Cənub regionunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək Ailə Biznesinə ASAN Dəstək (ABAD) Mərkəzini xüsusi qeyd etmək lazımdır. Mərkəzin yaradılmasının əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır. Anar Hüseynov bu barədə də məlumat verərək dedi ki, dövlətimizin başçısı tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalanıb. Ailə biznesini formalaşdırmaq istəyən şəxs ABAD Mərkəzinə müraciət edə bilər. Bu mərkəzdə ailələrə biznes-planların hazırlanması, hüquqi yardım, maliyyə xidmətləri, həmçinin brendləşmə və dizaynla bağlı xidmətlər göstəriləcək ki, vətəndaş öz məhsullarını istehsal edə bilsin. Sonra həmin məhsulun baza çıxarılması və satışını da ABAD Mərkəzi həyata keçirəcək. Bununla ailə biznesinin və brendinin yaradılmasında ABAD-ın xüsusi töhfəsi olacaq.

Layihənin icrası nəticəsində dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. ABAD öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və tələbata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir. Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir.

ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir. Kolbasa istehsalında gigiyena qaydalarına ciddi riayət olunur. ABAD Mərkəzində cem və mürəbbə istehsalı, meyvə-tərəvəz konservləri istehsalı və süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur.

“ASAN xidmət” mərkəzinin fəaliyyətindən yararlanan vətəndaşlar onlara göstərilən xidmətdən razılıqlarını bildirirdilər.

Qeyd edək ki, regional “ASAN xidmət” mərkəzi Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839 min 450-dən çox vətəndaşa xidmət göstərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti