Kimsəsiz məktəbim

Kimsəsiz məktəbim
  16 Sentyabr 2016    Oxunub:5542
Qönçəgül Kamalqızı

Böyük, çox böyük qapısı olan bir məktəbimiz vardı.
O mavi rəngli, taxta qapı nağıllardakı kimi sirli, sehirliydi mənimçün. Həmin qapıdan keçdimmi, həyat dəyişəcəkdi. Dünyam rənglənəcəkdi, göyqurşağı kimi.


Yaxın idim. Yeni həyata, daha işıqlı gələcəyə. Göydən ulduzlar toplayacaq, günəşin saçlarına sığal çəkəcəkdim. Ağappaq buludların üzərində göy üzünü gəzəcəkdim. Axı böyük olacaqdım, əlim hər yerə çatacaq qədər...

Bundan gözəl nə arzular ola bilərdi ki, bir qızcığaz üçün?

* * *

Oturduğum sinif otağının qəribə qoxusu vardı. Doğmalıq qoxusu. Qatı açılmayan təzə kitablarım, dəftərlərim, barmaqlarıma dəyən qələm mürəkkəbi, Suqra müəlliməmin mənə yazmağı öyrədən əllərinin istisi, Şəndə müəlliməmin saçlarıma çəkdiyi sığal... Unutmadığım şipşirin xatirələrdi.

Xoşbəxt idim, rahat idim. Tək dərdim dərslərimidən yaxşı qiymət almaq idi. Hələ müəllimlərim 5-in yanında bir əla sözü də yazırdısa, dünyalar mənim olardı.

* * *

Sinif yoldaşlarımla bir-birimizə can dedik, can eşitdik, doğmalaşdıq, güclü olduq. İndi əlimiz çatmayan, ünümüz yetməyən Vətənin bir parçasına çevrildik.

Nadinclik etdik, müəllimlərimizdən cəza aldıq, tənbeh olunduq. Amma hər şeyə rəğmən xoşbəxt idik.

Bir gün sevincimiz yarımçıq qaldı. 1-ci sinfə getdiyimiz o məktəbin həyətində son zəngimizi eşitmək, o günü bayram etmək bizə qismət olmadı.

Mərmilərin tükürpədici səsləri altında məktəbimizlə vidalaşdıq. Bizdən sonra evlərimiz kimi, məktəbimiz də kimsəsiz qaldı. Otaqlar, divarlar, həyətdəki ağ gilas ağacı, balaca bulaq və bir də o mavi qapılar....

Daha heç kim o qapıdan keçə bilmədi bir də öz xəyyallarına doğru.... Böyümədik, doyunca yaşamadıq o illərin gözəlliyini, yarımçıq qaldı hər şey...

* * *

Bir azdan payız gələcək, hər tərəf xəzana bürünəcək. O isti, doğma məktəbimiz buz kimi olacaq. Axı düşmən nəfəsindən doğma divarlar isinməz heç vaxt.

Dərs ilin mübarək, mənim kimsəsiz məktəbim. əbrikim payız kimi tutqun, qış kimi soyuq gələcək sənə bəlkə. Amma mən səni ürəyimdə bütün varlığımı isidən bir bahar kimi yaşadıram və hər il o qapıdan keçirəm xəyalən. Bir gün o sonuncu zəngi eşitmək ümidiylə.


Teqlər:





Xəbər lenti